Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Ankarada keçirilən sammiti çərçivəsində ABŞ Prezidenti Donald Trampı hava limanında qarşılayıb. Liderlər ikitərəfli görüşdən əvvəl birgə mətbuat konfransı keçirərək F-35 proqramı, CAATSA sanksiyaları, NATO, İran, Qəzza və Rusiya-Ukrayna müharibəsi ilə bağlı açıqlamalar veriblər.
Qaynarinfo xəbər verir ki, Ərdoğan NATO sammitinin Ankarada keçirilməsi və dünya liderlərinin Türkiyədə bir araya gəlməsini böyük əhəmiyyət daşıyan addım kimi qiymətləndirib.
Donald Tramp isə Türkiyə ilə münasibətləri yüksək qiymətləndirərək, Ərdoğanı güclü lider adlandırıb: "Çox yaxın dostuq. Türkiyənin güclü lideri, güclü ordusu var. Münasibətlərimiz çox xüsusi xarakter daşıyır. Prezident Ərdoğana böyük hörmətim var".
Mətbuat konfransında F-35 qırıcıları ilə bağlı suala cavab verən Tramp qərarın ABŞ tərəfindən veriləcəyini bildirib.
"Bu bizim verəcəyimiz qərardır. Türkiyə ilə çox yaxşı münasibətlərimiz var. Hamı soruşur ki, niyə bunu etməyək? Türkiyə bizim sadiq tərəfdaşlarımızdandır. Bu məsələ üzərində düşünürük. F-35 dünyanın ən yaxşı döyüş təyyarəsidir və biz bunu nəzərdən keçirəcəyik", deyə ABŞ Prezidenti bildirib.
Ərdoğan isə F-35 məsələsinin yeni olmadığını vurğulayıb:
"F-35 bizim üçün yeni mövzu deyil. Bu məsələni daha əvvəl də ABŞ ilə müzakirə etmişik. Bizə beş təyyarənin veriləcəyi barədə söz verilib. Cənab Trampdan daha əvvəl aldığımız öhdəliyin gələcəkdə də müsbət şəkildə yerinə yetiriləcəyinə inanıram. Cənab Tramp hər zaman verdiyi sözün arxasında dayanır".
Tramp çıxışı zamanı Türkiyəyə tətbiq olunan CAATSA sanksiyalarına da toxunub:
"O sanksiyaları ləğv edəcəyik. Bunun müzakirəsinə vaxt sərf etmək istəmirəm. Dostlarımıza qarşı sanksiyalar tətbiq etmək istəmirik. Mən dostumu sanksiyalarla boğmaq istəmirəm".
Tramp həmçinin Ərdoğan olmasaydı NATO sammitinə qatılmaya biləcəyini də söyləyib: "NATO məni məyus etmişdi. Türkiyə olmasaydı, bəlkə də bu sammitə gəlməzdim. Dostuma görə iştirak etməli olduğuma inandım".
Ərdoğan bildirib ki, Türkiyə və ABŞ regionda sülhün təmin olunması üçün birgə işləməyə davam edəcək: "İran ilə ABŞ arasında münasibətlərin normallaşdırılması üçün də səylər göstəririk. Dünya sülhü naminə birlikdə işləyirik və işləməyə davam edəcəyik".
Qəzza məsələsinə də toxunan Türkiyə Prezidenti bölgədə sülhün təmin olunmasının vacibliyini vurğulayıb və NATO sammitindən müsbət qərarlar çıxacağına ümid etdiyini bildirib.
Rusiya-Ukrayna müharibəsinə münasibət bildirən Tramp isə Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski ilə əlaqə saxladığını deyib: "Mən səkkiz müharibəni dayandırmışam və düşünürəm ki, doqquzuncunu da dayandıra biləcəyik. Ən yaxşı bacardığım iş razılaşmalar əldə etməkdir".
17.06
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ prezidenti Donald Tramp arasında ikitərəfli görüş başlayıb.
Qaynarinfo xəbər verir ki, görüş Ankaradakı Prezident Sarayında keçirilir.
Ərdoğan amerikalı həmkarını Ankarada salamlamaqdan məmnunluğunu ifadə edərək, səfərin iki ölkə arasındakı münasibətlərə töhfə verəcəyinə inandığını bildirib.
Donald Tramp isə çıxışında Türkiyə prezidentinin beynəlxalq arenada böyük nüfuza malik olduğunu vurğulayıb. O, Türkiyənin regionun güclü dövlətlərindən biri olduğunu qeyd edərək, Ərdoğanın rəhbərliyi dövründə ölkənin müdafiə sənayesində mühüm inkişafın əldə edildiyini söyləyib.
ABŞ prezidenti görüş zamanı iki ölkə üçün əhəmiyyət kəsb edən bir sıra məsələlərin geniş şəkildə müzakirə olunacağını da diqqətə çatdırıb.
Şərhlər