Xəbər lenti

Yay aylarında keçməyən baş ağrısının səbəbi bu ola bilər
Sağlamlıq 11:47 26.06.2025

Yay aylarında keçməyən baş ağrısının səbəbi bu ola bilər

Yay aylarında geniş şəkildə istifadə olunan kondisionerlər baş ağrılarına səbəb ola bilər. 

Qaynarinfo xəbər verir ki, türk həkim Dr. Murad Yaycı kondisioner mənşəli baş ağrılarının qarşısını almaq üçün görülməli tədbirləri açıqlayıb.

İsti yay günlərində sərinləmək məqsədilə tez-tez istifadə olunan kondisionerlər düzgün işlədilmədikdə sağlamlığa mənfi təsir göstərə bilər. Bu təsirlərdən biri də tez-tez rast gəlinən kondisionerə bağlı baş ağrılarıdır.

Mütəxəssis Dr. Murad Yaycı xüsusilə yay aylarında həm evlərdə, həm də avtomobillərdə geniş istifadə olunan kondisionerlərin mühitdəki havanı dövriyyəyə salmaqla işlədiyini və bunun müxtəlif narahatlıqlara zəmin yarada biləcəyini bildirib. O, kondisionerlərin səbəb olduğu baş ağrılarının arxasında dayanan əsas amilləri və bu vəziyyətin qarşısını almaq üçün görülə biləcək tədbirləri aşağıdakı kimi sıralayıb:

Kondisionerin səbəb olduğu nəmin azalması

Kondisionerlər işlədikcə havadakı nəmi azaldaraq bədənin maye itirməsinə səbəb olur. Kifayət qədər su qəbul edilmədikdə bu vəziyyət baş ağrılarına və müxtəlif xəstəliklərə yol aça bilər. Buna görə də kondisioner istifadə edilərkən kifayət qədər su içmək həyati əhəmiyyət daşıyır.

Kondisionerin səbəb olduğu soyuq hava

Soyuq hava damarların daralmasına səbəb olaraq baş ağrısı yarada bilər. Kondisionerin temperaturunun çox aşağı salınmaması və cihazın zaman-zaman söndürülərək otaq temperaturunun balanslaşdırılması bu problemin qarşısını ala bilər.

Kondisioner filtrinin təmizlənməməsi

Kondisionerin müntəzəm təmizlənməməsi nəticəsində havadakı toz gənələri, ev heyvanlarının tükü, kif sporları və müxtəlif allergen maddələr filtrdə toplanaraq yenidən mühitə yayıla bilər.

Bu hal güclü baş ağrılarının yanaşı, burun tutulması, allergiya və qıcıqlanma kimi problemlərə də səbəb ola bilər. Filtrlərin müntəzəm təmizlənməsi və texniki baxışı bu riskləri aradan qaldırır.

Hava yolu ilə keçən xəstəliklər

Kondisionerlər qapalı mühitdəki havanı dövriyyəyə saldığı üçün xüsusilə qrip kimi hava yolu ilə keçən yoluxucu xəstəliklərə malik şəxslər digər insanlara bu xəstəlikləri daha asanlıqla ötürə bilərlər.

Bu səbəbdən yoluxucu xəstəlikləri olan şəxslərlə eyni məkanda kondisionerin işlədilməsi məsləhət görülmür. Kondisioner sistemləri hava yolu ilə yayılan virusların ötürülməsində mühüm rol oynayır.

Ağrıkəsicilərlə müalicə

Mütəxəssis Dr. Murad Yaycı kondisionerə məruz qalmaq nəticəsində yaranan baş ağrılarının qarşısını almaq və onları müalicə etmək üçün bir sıra tövsiyələr verib.

"Kondisioner qurğusunun təmizliyindən əmin olun. Bu yolla həm şiddətli baş ağrılarının, həm də allergiya kimi digər xəstəliklərin qarşısını almaq mümkündür. Kondisioner istifadə edilərkən kifayət qədər su içməyi unutmayın. Əgər baş ağrısı getdikcə şiddətlənirsə və görülən tədbirlərə baxmayaraq keçmirsə, həkimə müraciət edilərək uyğun ağrıkəsicilərlə müalicəyə dəstək verilməlidir. Kondisionerlər isti havalarda bizim xilaskarımız olsa da, şüursuz və diqqətsiz istifadə olunduqda həyat keyfiyyətimizi azaldan baş ağrılarına səbəb olur".

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->