"Tiflis yeni kommunikasiya xətlərinin açılması fonunda özünün tranzit gəlirlərinin xeyli dərəcədə azalacağından narahatdır. Ona görə də yük maşınlarımızı sərhəddə saxlamaq kimi problemlər yaratmaqla müəyyən güzəştlər qoparmaq istəyirlər".
Bunu Qaynarinfo-ya açıqlamasında ReAL Partiyasının sədri Natiq Cəfərli Rusiyanın Şimal-Cənub dəhlizinin Azərbaycandan keçən qərb hissəsindən deyil, şərq hissəsinə daha çox önəm verməsi və eyni anda Gürcüstanın da Zəngəzur dəhlizinin açılmasından narahat olaraq, müəyyən problemlər yaratmaq cəhdinə münasibət bildirərkən deyib.
Ekspert qeyd edir ki, kommunikasiyalar mövzusunda yaranmış yeni durum Tiflis üçün ürəkaçan deyil:
"Aydın şəkildə görünür ki, Gürcüstan Zəngəzur dəhlizinin açılmasında maraqlı deyil. Qarabağ münaqişəsinin mövcud olduğu dövrdə iqtisadi baxımdan ən çox divident götürən ölkə məhz Gürcüstan olub. Çünki həmin dövrdə Gürcüstan kommunikasiyalar baxımdan təbii inhisarçıya çevrilmişdi. Həmin kommunikasiyalar Türkiyədən keçməklə Gürcüstan üzərindən Azərbaycana və Orta Asiyaya doğru uzanırdı. Bu isə, Gürcüstana böyük dividentlər gətirirdi. Təsəvvür edin ki, Gürcüstan ərazisinə daxil olan hər bir yük maşını dövlət büdcəsinə 360 lari rüsum ödəyir. Ona görə də mövcud vəziyyət Tiflisin ürəyincə deyil. Narahatdırlar ki, yeni kommunikasiya xətlərinin açılmasından sonra onların tranzit gəlirləri xeyli dərəcədə azalacaq".
Həmsöhbətimiz deyir ki, Gürcüstan bu fonda tranzit gəlirlərilə yanaşı, daha digər gəlir mənbəyi və dividentlərdən də məhrum ola bilər:
"Gürcüstanın Türkiyə ilə sərhədindən Azərbaycanla sərhədinə qədər olan məsafə 550 km-dir. Bu yol boyu sürücülərə qulluq edən restoranlar, hotellər, avtomobil təmiri məntəqələri var ki, bu da 25-30 min insanın işlə təmin edilməsi deməkdir. Deməli, alternativ yolların meydana çıxması onlar üçün də təhlükə yaradır. Gürcüstanı bu amil də narahat edir. Yəni bu fonda ölkə daxilində narazılığın artması baş verə bilər ki, belə vəziyyət isə gücrü hökumətinin maraqlarına cavab vermir. Bu mənada Azərbaycana gələn yük maşınlarını sərhəddə saxlamaqla qarşı tərəfə müəyyən güzəştlər qoparmaq üçün təzyiq göstərməyi düşünür".
Ekspert bu məsələdə Rusiya izinin olması barədə dəqiq bir söz demək istəmir:
"Lakin iqtisadi maraqlar daha məntiqli görünür. Bir sözlə, Gürcüstan öz ərazisindən keçən transit yolu ilə bağlı Türkiyə və Azərbaycandan zəmanət qoparmaq istəyir".
Rüfət Sultan
Şərhlər