Xəbər lenti

Həkimlərdən xəbərdarlıq: Bu 5 əlamət hüceyrələrdə enerji çatışmazlığından xəbər verə bilər
Sağlamlıq 11:49 08.08.2026

Həkimlərdən xəbərdarlıq: Bu 5 əlamət hüceyrələrdə enerji çatışmazlığından xəbər verə bilər

Mitoxondrilərin fəaliyyəti pozulduqda orqanizmdə enerji istehsalı azalır və bu, müxtəlif sağlamlıq problemlərinə yol aça bilər. Mütəxəssislər bildirirlər ki, insanlar çox vaxt bu əlamətləri yaşlanma, stress və ya həddindən artıq işləmə ilə əlaqələndirsələr də, onların səbəbi hüceyrə səviyyəsində baş verən dəyişikliklər ola bilər.

Qaynarinfo xəbər verir ki, Stanford Universitetində təhsil almış həkim Keysi Mins hesab edir ki, bir çox xroniki xəstəliklərin əsasında məhz mitoxondrial disfunksiya – hüceyrələrin enerji istehsalında yaranan pozğunluq dayanır. Onun sözlərinə görə, mitoxondrilər qidadan alınan maddələri orqanizmin istifadə etdiyi enerjiyə çevirir və bu proses pozulduqda hüceyrələr enerji çatışmazlığı yaşayır.

Həkim orqanizmdə enerji istehsalının zəiflədiyini göstərə biləcək əsas əlamətləri də sadalayıb:

kifayət qədər yuxuya baxmayaraq keçməyən daimi yorğunluq;
şirniyyat və şəkərli qidalara güclü meyl;
diqqətin cəmlənməsində çətinlik və "beyin dumanı";
fiziki yüklənmədən sonra gec bərpa olunma və dözümlülüyün azalması;
həyat tərzi dəyişməsə belə bel ətrafının genişlənməsi.

Mütəxəssis bildirir ki, bu əlamətlər təkbaşına hər hansı xəstəliyin diaqnozu hesab edilə bilməz. Onlar müxtəlif səbəblərdən yarana bilər və sağlamlıqla bağlı narahatlıq olduqda həkim müayinəsi vacibdir.

Keysi Minsin sözlərinə görə, hüceyrələrin enerji istehsalını dəstəkləmək üçün emal olunmuş qidaların qəbulunu azaltmaq, daha çox təbii qidalar seçmək, müntəzəm fiziki aktivliklə məşğul olmaq, keyfiyyətli yuxu rejimi formalaşdırmaq və stressi azaltmaq tövsiyə olunur. Bu dəyişikliklər maddələr mübadiləsinin yaxşılaşmasına müsbət təsir göstərə bilər.

Bununla yanaşı, həkim vurğulayır ki, həyat tərzində dəyişikliklər tibbi müalicəni əvəz etmir. Davamlı yorğunluq və ya digər narahatedici əlamətlər müşahidə olunduqda mütləq həkimə müraciət edilməlidir.
 
Günay

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->