Xəbər lenti

Həyatınızın nə qədər hissəsi sosial mediada keçir? (ARAŞDIRMA)
Texnologiya 16:59 05.07.2026

Həyatınızın nə qədər hissəsi sosial mediada keçir? (ARAŞDIRMA)

Hər il 30 iyun tarixi sosial medianın cəmiyyətdə artan rolunu qeyd etmək məqsədilə Sosial Media Günü kimi qeyd olunur. Bu gün 2010-cu ildə rəqəmsal media platforması "Mashable” tərəfindən təsis edilib.

16 il sonra sosial media artıq təkcə ünsiyyət vasitəsi deyil, dünya əhalisinin üçdə ikisinin gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib.

DataReportal-ın "Digital 2026 Global Overview Report" hesabatına əsasən, dünyada sosial media istifadəçilərinin sayı 5,66 milyarda çatıb. Bu, dünya əhalisinin 68 faizindən çoxuna bərabərdir.
 

2005-ci ildə sosial media istifadəçilərinin sayı 500 milyondan az idi. 2015-ci ildə bu göstərici 2,27 milyarda, 2026-cı ildə isə 5,66 milyarda yüksəlib.  Artım əsasən əlverişli qiymətə smartfonların geniş yayılması və internetə çıxış imkanlarının artması ilə əlaqələndirilir.

 

Sosial mediada sərf olunan vaxt


DataReportal bildirir ki, aktiv istifadəçilər sosial mediada həftədə orta hesabla 18 saat 36 dəqiqə vaxt keçirirlər. Bu, gündə təxminən 2 saat 39 dəqiqəyə, ildə isə 40 gündən çox vaxta bərabərdir.
 


Sosial media istifadəçilərinin bölgələr üzrə paylanması


Qlobal miqyasda sosial mediadan istifadə səviyyəsi təxminən 68 faiz təşkil edir və xüsusilə Avropa ilə Şimali Amerikada yüksəkdir.

Əhali nisbətinə görə sosial mediadan istifadə Şərqi Asiyada 88,1 faizlə ən yüksək göstəriciyə malikdir. Sonrakı yerlərdə Şimali Avropa (79 faiz), Qərbi Avropa (77,7 faiz) və Şimali Amerika (74 faiz) qərarlaşıb.

Ən aşağı göstərici isə Mərkəzi Afrikada qeydə alınıb. Bu regionda sosial mediadan istifadə səviyyəsi 12,1 faizdir. Şərqi Afrikada bu göstərici 12,6 faiz, Qərbi Afrikada isə 19 faiz təşkil edir.
 


Ən populyar sosial media platformaları


Statista və Kepios-un məlumatına görə, aylıq aktiv istifadəçi sayına əsasən ən populyar sosial media platformaları bunlardır:

- "Facebook” — 3,07 milyard aktiv istifadəçi;
- "Instagram” — 3 milyard aktiv istifadəçi;
- "WhatsApp” — 3 milyard aktiv istifadəçi;
- "YouTube” — 2,58 milyard aktiv istifadəçi;
- "TikTok” — təxminən 1,99 milyard aktiv istifadəçi. Qeyd olunur ki, bu göstərici istifadə olunan mənbədən asılı olaraq dəyişə bilər.
 


Uşaqların sosial mediadan istifadəsinə qoyulan məhdudiyyətlər


Sosial mediadan istifadənin geniş yayılması uşaqların təhlükəsizliyi ilə bağlı narahatlıqları da artırıb.

Avropa Parlamenti sosial media platformalarına giriş üçün minimum yaş həddinin 16 yaş müəyyən edilməsini dəstəkləyir. Parlament həmçinin gənc istifadəçilər üçün asılılıq yarada bilən sonsuz sürüşdürmə (infinite scroll) və avtomatik oynatma (autoplay) kimi funksiyaların məhdudlaşdırılmasının tərəfdarıdır. Bununla belə, Avropa Birliyi üzrə bu sahədə vahid qanunvericilik hələ qəbul edilməyib və bəzi üzv dövlətlər müstəqil qərarlar verirlər.

Bu istiqamətdə ilk addımlardan biri Avstraliya tərəfindən atılıb. Ölkə 2025-ci ilin dekabrından etibarən 16 yaşdan aşağı uşaqlar üçün sosial mediadan istifadəni qadağan edib.
 


Daha sonra İndoneziya 2026-cı ilin martında 16 yaşdan aşağı şəxslər üçün sosial mediadan istifadəni qadağan edərək Asiyada bu qərarı qəbul edən ilk ölkə olub.

Braziliyada həmin ay qüvvəyə minən Uşaqlar və Gənclərin Rəqəmsal Statutu 16 yaşdan kiçik istifadəçilərin hesablarının hüquqi qəyyumla əlaqələndirilməsini tələb edir və sonsuz sürüşdürmə kimi funksiyaları qadağan edir.

Türkiyə isə 2026-cı ilin aprelində 15 yaşdan aşağı uşaqların sosial media platformalarına çıxışının məhdudlaşdırılmasını nəzərdə tutan qanun qəbul edib.

2026-cı ilin iyununda Böyük Britaniya hökuməti də 16 yaşdan aşağı şəxslərin sosial media platformalarına girişinin qadağan olunmasını nəzərdə tutan planlarını açıqlayıb. Məhdudiyyətlərin 2027-ci ilin yazından qüvvəyə minməsi gözlənilir.

Mənbə: Al Jazeera
Tərcümə etdi və hazırladı: Qaynarinfo

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->