Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə rəqəmsal texnologiyalar sahəsində keçirilən "President Tech Award” startap müsabiqəsinin mükafat və investisiya fondu 1 milyon dollardan 5 milyon dollara artırılıb.
Valyuta.Az-ın verdiyi xəbərə görə, yeni qaydalara əsasən, ayrılan vəsaitin 1 milyon dolları inkubasiya mərhələsində olan perspektivli startapların qrant əsasında dəstəklənməsinə, 4 milyon dolları isə ən perspektivli layihələrə vençur investisiyası kimi yönəldiləcək.
"President Tech Award” Özbəkistanda rəqəmsal texnologiyalar və innovativ sahibkarlığın inkişafını təşviq etmək məqsədilə keçirilən startap müsabiqəsidir. Müsabiqə çərçivəsində iştirakçılar layihələrini təqdim edir, qaliblər isə maliyyə dəstəyi ilə yanaşı, mentorluq, akselerasiya proqramları və investorlarla əməkdaşlıq imkanları əldə edirlər.
Rəsmi məlumata görə, müsabiqə yaradıldığı vaxtdan indiyədək 13 mindən çox iştirakçı və 1 800-dən artıq komanda layihəyə qoşulub. Qalib startaplar ümumilikdə 10 milyon ABŞ dollarından çox investisiya cəlb edib və 400-dən artıq yeni iş yeri yaradıb.
"President Tech Award” müsabiqəsinin yeni mövsümünə iyulun 1-də keçirilən "Powering the Startup Ecosystem” tədbiri çərçivəsində start verilib.
Bununla yanaşı, Özbəkistanda ilk dəfə süni intellekt sahəsinə həsr olunan "President AI Award” müsabiqəsi də təsis edilib. Bu layihənin investisiya fondu 1 milyon dollar təşkil edir və dövlət idarəçiliyi, sənaye, sahibkarlıq, səhiyyə, təhsil, yaşıl iqtisadiyyat və aqrotexnologiyalar sahələrində süni intellekt əsaslı həllər hazırlayan startapların dəstəklənməsinə yönəlib.
Qeyd edək ki, "President Tech Award” rəsmi dövlət fondu olmasa da, layihə Özbəkistan hökumətinin dəstəklədiyi, dövlət qurumlarının iştirakı ilə keçirilən mükafat və investisiya mexanizmi kimi təqdim olunur.
Şərhlər