İdman 18:22 07.07.2023

Hüseynov: “Neftçi”yə sadiqlik mənim kimi 15 il oynamaqla olur”

"Neftçi” ilə kapitan Emin Mahmudov arasında, demək olar, mövsüm bitəndən bəri aparılan danışıqlar nəhayət yekunlaşdı. Tərəflər sonda razılığa gələrək yeni müqavilə bağladı. Klub 31 yaşlı futbolçu ilə 2+1 il şərtli anlaşmaya imza atdı. 
 
2017-ci ilin sentyabrında "Neftçi”yə transfer olunmuş yarımmüdafiəçinin müqaviləsinin müddəti bu mövsüm bitmişdi və o, klubda qalıb-qalmayacağı ilə bağlı qərar verməli idi. Ancaq proses bir qədər uzandı. Bunun da səbəbi mətbuatda Eminin başqa klub axtarması və ya daha çox məvacib tələb etməsi ilə izah olunurdu. Müqavilə bağladıqdan sonra yarımmüdafiəçinin "Neftçi”yə sadiq olduğu üçün komandada qaldığını açıqlaması isə birmənalı qarşılanmadı. O mənada ki, sadiq futbolçu mövsüm bitən kimi klubun təklif etdiyi istənilən şərtlə razılaşmalı və gözü başqa yerlərdə olmamalıdır. Ancaq danışıqların uzanması, üstəlik futbolçunun təlim-məşq toplanışına gec qoşulması artıq başqa fikirlər formalaşdırmağa başladı. Bəs Eminin açıqlamasından sonra onun sadiqlik səmimiyyətinə nə dərəcədə inanmaq olar? Həqiqətənmi bu sözləri ürəkdən deyib? Ümumiyyətlə, sadiqlik necə olmalıdır?

Bu suallara Yunis Hüseynovdan cavab aldıq. Uzun illər "Neftçi”nin şərəfini qorumuş, klubun canlı əfsanəsi, veteran futbolçu Qaynarinfo-ya açıqlamasında bunları söylədi:

"Sadiqlik Yunis Hüseynov kimi 15 il "Neftçi”də oynamaqla olur (gülür). Emin Mahmudov yaxşı futbolçudur. Həmişə onu bəyənmişəm. "Neftçi”nin aparıcı oyunçusu, lideri, həm də kapitanıdır. İstəməzim ki, "Neftçi”dən getsin. Qalıb komandaya daha çox köməklik etsə yaxşıdır. Mətbuatda oxuyurdum ki, çoxandır "Neftçi”dən təklifi var, amma razı olmurdu. Futbol 34-35 yaşa qədər olur. Daha sonra bitir. Fikrimcə, futbolçu həmin dövrlərdə yaxşı karyera qurdusa, ona da uyğun yaşayır. Hər oyunçu istəyər ki, daha çox pul müqabilində müqavilə bağlasın. Kimsə istəmədiyini deyirsə, yalan danışır. Mahmudov da komandada yaxşı oynadığına və lider olduğuna görə, yəqin ki, çox pul istəyib. Klub da şərtlərlə son dönəmlərdə razılaşıb. Futbolçu hansı komandada özünü yaxşı hiss edirsə, məncə, orada da qalıb karyerasını davam etdirməlidir”.

Məşqçi, Eminin səmimiliyinin heç də tam olmadığını bildirdi: 

"Mahmudov eşitdiyimə görə, mərifətli, qanacaqlı, yaxşı oğlandır. "Neftçi”də də özünü yaxşı tərəfdən göstərir. Başqa kluba gedərsə, ola bilər ki, orada oyunu alınmasın, zəif çıxış etsin. Amma Eminin "Neftçi”də hörməti var, azarkeşlər onu çox istəyir. Ona görə də, əlbəttə, orada qalması daha məqsədəuyğundur. Səmimiyyətinə inanmaq deyəndə, fikrimcə, həmişə "Neftçi”də qalmaq istəyib. 2017-ci ildən bəri komandanın içindədir. Amma maliyyə tərəfini də düşünmək lazımdır. Yəqin ki, razılığa gəlməsəydilər, "Neftçi”də qalmazdı. Bu mənada düşünürəm ki, həqiqətən sadiq olması ilə bağlı açıqlaması 50-50-yə doğrudur”.

Səbuhi Həsənov