İdman 12:24 05.08.2023

İdmançı əvəzinə qardaşı qızını universiadaya göndərən prezident vəzifəsindən qovuldu (VİDEO)

Bir neçə gün öncə somalili atlet Nasra Abukar Ali ilə bağlı yaranan qalmaqalının sirri açılıb. 

Qaynarinfo-nun məlumatına görə, artıq çəkisi səbəbindən tənqidlərlə üzləşən və yarışı çətinliklə bitirən Nasranı Somalini təmsil etməsi üçün Çinə göndərən atletika federasiyasının prezidenti vəzifəsindən uzaqlaşdırılıb.

Somalinin Gənclər və İdman Nazirliyi , Çinin Çenqdu şəhərində keçirilən universiadada son oyunlarda iştirak edən şəxslərlə bağlı araşdırma aparıb. Nəticədə Nasranın nəinki sprinter, heç idmançı olmadığı üzə çıxıb. Belədə idmançı əvəzinə qardaşı qızını yarışa göndərən Somali Atletika Federasiyasının prezidenti Kadijo Aden Dahir haqqında vəzifə səlahiyyətlərindən sui-istifadə, millətin adına böhtan atma və qohumbazlıq ittihamları ilə istintaq başlanıldığı bildirilib.

Çində keçirilən universiadada 100 metr məsafəyə qaçış yarışına qatılan 20 yaşlı Nasra Alinin artıq çəkisi və hazırlıqsızlığı somalililərin kəskin reaksiyasına səbəb olub. Somalili sosial media istifadəçiləri idmançının korrupsiya yolu ilə Çinə göndərildiyini bildirərək, hökuməti ölkənin uğursuzluğuna səbəb olmaqda ittiham ediblər.
 


Səbuhi Həsənov