Xəbər lenti

Ekonomiks 13:26 11.07.2022

İran və Rusiya qarşılıqlı şəkildə dollardan imtina edə bilərmi? (ŞƏRH)

"İndiyədək Latın Amerikası və Asiyada yerləşən bir neçə aparıcı ölkələr də dollardan imtina etməyə çalışsalar da, bunu reallaşdıra bilməyiblər”.

Qaynarinfo deyir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramlı İran və Rusiyanın qarşılıqlı ticarətdə dollar və avro ilə hesablaşmalardan imtina etmək niyyətinə aydınlıq gətirərkən deyib. 

Deputat bildirib ki, ABŞ pulundan imtina heç də düşünüldüyü kimi asan deyil, hətta Vaşinqtonun düşmənləri üçün belə.

Vüqar Bayramov "xarici ticarətdə dollardan imtina mümkündürmü və bu regiondakı ticari əlaqələrə necə təsir göstərə bilər” sualına belə cavab verib: 

"Hər iki ölkəyə qarşı Qərbin sanksiyaları qüvvədədir və Rusiyaya qarşı daha sərt paketlərdən istifadə olunur. Həm İran, həm də Rusiya xarici valyutalara, xüsusən də dollara tələbi yüksək olan ölkələrdəndir. İran ilə Rusiya arasındakı ticarət dövriyyəsi pandemiyadan əvvəlki il, yəni, 2019-cu ildə 1 milyard 595 milyon dollar olub. Cənub qonşumuzun Rusiyaya ixracatı yarım milyard dollardan da azdır. 2021-ci ildə isə qarşılıqlı ticarət 81 faiz artsa da, yenə də ümumi dövriyyə böyük rəqəmlə ifadə olunmur. Regionun aparıcı dövlətlərdən olan iki ölkə arasındakı ticarət dövriyyəsi ötən il 3.3 milyard dollar olub. Doğrudur, bu ilin ilk rübündə sözügedən dövlətlər arasında ticarət 10 faiz artıb. Bununla belə, yenə də ticari əlaqələrinin daha da dərinləşdirilməsi üçün bəlli çağrışlar qalmaqdadır. Bununla belə, tərəflər illik ticarət dövriyyəsini 10 milyard, 2025-ci ilədək isə 40 milyard dollaradək artırmağı hədəfləyirlər. Amma mövcud rəqəmlər göstərir ki, reallıq ilə hədəflər arasında fərq kifayət qədər böyükdür”.

Vüqar Bayramov əlavə edib ki, sözügedən ölkələr arasında ticarət dövriyyəsi böyük olmadığı üçün dollardan imtina reallaşsa da, bu, regiondakı valyuta tələbinə xüsusi təsir etməyəcək:

"Digər tərəfdən, hər iki dövlət üçün xarici valyuta cəlb etmək prioritet olduğu üçün belə bir addımın tam rellaşacağı ilə bağlı da xeyili suallar var”.

Qeyd edək ki, İran Mərkəzi Bankı İran və Rusiyanın qarşılıqlı ticarətdə dollar və avro ilə hesablaşmalardan imtina etməsi ilə bağlı məlumat yayıb.

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->