Dünya 15:00 16.01.2024

İran XİN: SEPAH-ın İraqa zərbələri təhlükəsizlik məqsədilə həyata keçirilib

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İranın suverenliyini və təhlükəsizliyini qorumaq üçün İraq Kürdüstanına zərbələr endirib.

Qaynarinfo xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani bildirib.

O, həmçinin terrorizmlə mübarizəni və İslam Respublikasının "təhlükəsizliyini pozanların cəzalandırılmasını” SEPAH-ın məqsədləri sırasına daxil edib.

"İran həmişə regionda sülh, sabitlik və təhlükəsizliyi dəstəkləyir və ölkələrin suverenliyi və ərazi bütövlüyünə hörmətlə yanaşır, eyni zamanda milli təhlükəsizliyi təhdid edənlərin qarşısının alınması, onlarla mübarizə aparmaq üçün qanuni hüququndan istifadə edir, həmçinin öz vətəndaşlarının təhlükəsizliyini qoruyur və cinayətkarları cəzalandırmaqda tərəddüd etməyəcək”, - deyə Kənani bildirib.

Xatırladaq ki, bu gün, yanvarın 16-da gecə saatlarında İran İslam İnqilabı Keşikçiləri Korpusu İraq Kürdüstanının inzibati mərkəzi olan Ərbildə ABŞ konsulluğu yaxınlığında səkkiz hədəfə hücum edib, nəticədə bir neçə nəfər həlak olub. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bildirib ki, onlar İranda baş verən son terror aktlarına cavab olaraq zərbələr endiriblər. ABŞ Dövlət Departamenti hücumu pisləyib. İraq Xarici İşlər Nazirliyi BMT Təhlükəsizlik Şurasına şikayət göndərəcəyini vəd edib.

Nizami Bağırov