Xəbər lenti

İranda turizm iflic vəziyyətə: Tur agentlikləri müflis olur
Dünya 22:37 22.02.2026

İranda turizm iflic vəziyyətə: Tur agentlikləri müflis olur

İranda 2020-ci ilin yanvarında Ukrayna sərnişin təyyarəsinin vurulması, ölkədə hökumətə qarşı etiraz aksiyaları və son olaraq ABŞ ilə yaşanan hərbi gərginlik turizm sektoruna ağır zərbə vurub. Ölkəyə gələn turistlərin sayı son illərin ən aşağı səviyyəsinə enib.

Qaynarinfo xəbər verir ki, "Etemad” qəzetinin iranlı tur bələdçisinin açıqlamalarına əsaslanaraq hazırladığı xəbərə görə, 2020-ci ildən sonra İrana gələn turistlərin sayında ciddi azalma qeydə alınıb.

Bildirilir ki, Ukrayna təyyarəsinin vurulmasından sonra başlayan azalma ölkədə baş verən etiraz aksiyaları, İsraillə yaşanan toqquşma prosesi və son olaraq ABŞ ilə hərbi gərginlik fonunda pik həddə çatıb.

Tur bələdçisi qeyd edib ki, 2020-ci ildən sonra İran turizm sahəsində əvvəlki mövqeyini itirib: "Ukrayna təyyarəsi vurulduqdan sonra Çin, rus və türk turistlər gəlirdi, lakin Avropa, Amerika və hətta Şərqi Asiyadan gələn turistlərin sayı demək olar ki, sıfıra endi. Son 6 ildə xarici turistlərin sayı 10 faizdən aşağı, avropalı turistlərin sayı isə 5 faizdən də aşağı düşüb. Turizm sektorunun bütün nümayəndələri 2020-ci ildən etibarən turizmin faktiki olaraq bitdiyini qəbul edir".

12 günlük müharibə pandemiyadan daha çox təsir göstərib

Tur bələdçisi xüsusilə İran ilə İsrail arasında baş verən 12 günlük qarşıdurmanın İran turizminə COVID-19 pandemiyası dövründən daha ağır təsir göstərdiyini bildirib.

Onun sözlərinə görə, İrana səyahətin çətinləşməsi avropalı turistlərin alternativ istiqamət kimi İraqı seçməsinə səbəb olub: "İki həftə əvvəl İtaliyadakı bəzi tur operatorları ilə danışdım. Onlar artıq İrana tur təşkil etmədiklərini, bunun əvəzinə İraq, Əfqanıstan və Pakistanı alternativ kimi seçdiklərini dedilər".

Bələdçi daxili turizm və iranlıların xaricə səfərləri barədə də danışıb. O bildirib ki, ölkədən çıxış turları da zəifləyib: "Xaricə tur təşkil edən bir çox agentlik müflis olub. Dolların məzənnəsinin artması, inflyasiya və müharibə və ya sülh vəziyyətinin qeyri-müəyyənliyi insanların xərcləmə cəsarətini azaldıb. Onsuz da xaricə gedən məhdud təbəqə də artıq səfərlərdən imtina edir".

Aydın
--> -->