Dünya 18:57 22.12.2022

İranlı müğənni edamlara etiraz olaraq intihara əl atdı, Avstraliya iranlılara müraciət etdi

İranda həbsdə olan müğənni Saman Səidi intihara cəhd edib. 

Qaynarinfo İran fəallarına istinadən xəbər verir ki, Kərəc şəhərindəki Rəcaişəhr həbsxanasında saxlanılan müğənni edam hökmlərinə etiraz olaraq bu addımı atıb. Onun özü barəsində də edam hökmü çıxarıldığı deyilir.

Bildirilir ki, hazırda Saman Səidinin vəziyyəti yaxşıdır. O, həbsxananın müalicə müəssisəsinə yerləşdirilib.

Saman Səidi Tehrandakı evində həbs edilib. O, hökumət qüvvələrinə silahlı müqavimət göstərməkdə, eyni zamanda aksiya iştirakçılarına atəş açmaqda ittitam olunaraq edama məhkum edilib.

İddialara görə, müğənni həbsdə olarkən ondan məcburi etiraf almağa çalışıblar. Saman Səidiyə bildirilib ki, aksiya iştirakçılarına atəş açmaq ittihamını qəbul edərsə, onu edam etməyəcklər. Lakin müğənni bununla razılaşmayıb.

İran hökuməti aksiya iştirakçılarına qarşı silahdan istifadə etmədiyini iddia edir. Hökumət qüvvələri bildirir ki, guya etiraçılara qarşı silahdan istifadə edənlər təxribatçı qüvvələrdir. Onlar bununla İran hakimiyyətinin qəddarlığını dünyaya nümayiş etdirmək istəyirlər.

Lakin ilk günlərdən bu iddiaların əsassız olduğunu sübut edən faktlar ictimailəşdirib. İrandakı aksiyalardan çəkilən videolarda İranın hökumət qüvvələrinin, xüsusilə, "Bəsic” üzvlərinin aksiya iştirakçıları ilə amansız davrandıqları, onlara qarşı odlu silahdan istifadə etdikləri aydın şəkildə görünür. 

Bu arada Avstraliya hökuməti bu ölkədə yaşayan iranlılara müraciət edib. Müraciətdə onlardan Avstraliyada İran xüsusi xidmət orqanlarının casus şəbəkəsi tərəfindən təzyiqlərə məruz qaldıqları təqdirdə dərhal məlumat vermələri istənilib.

İran xüsusi xidmət orqanlarının xarici ölkələrdəki casus şəbəkəsi iranlı fəallara qarşı müxtəlif yollarla təzyiq edir. Bu baxımdan, Avstraliya hökuməti preventiv tədbirlər görməyi qərara alıb.

Gözlənilir ki, digər ölkələr də oxşar addımlar atacaq. 

İranın daxilində isə gərginlik davam edir. Hökumətin repressiz addımlarına və edamlara baxmayaraq, insanlar israrla rejimin istefasını tələb edir və bununla bağlı müxtəlif formalarda aksiyalar keçirir.

Seyid