Dünya 12:38 07.08.2022

İsrail ordusu: "Qəzzada "İslami Cihad"ın bütün liderlərini məhv etdik" (YENİLƏNİB)

İsrail ordusu "İslami Cihad"ın daha bir neçə ali komandirinin, o cümlədən Qəzza zolağı daxilində qruplaşmanın cənub bölgəsinin komandiri Xalid Mənsurun həlak olduğunu elan edib.

Qaynarifo bu barədə "Alarabia" agentliyinə istinadən xəbər verir.

İsrail ordusunun sözçüsü Avixai Adrei "Twitter" səhifəsində yazıb: 

"Xalid Mənsur İsrail ordusu və Şin Betin (Daxili Təhlükəsizlik Xidməti) Rəfəh bölgəsində keyfiyyətli və birgə əməliyyatı zamanı öldürülüb”.

İslami Cihad həmçinin hərbi qanadının yüksək rütbəli komandirlərindən biri olan Mənsurun şənbə günü axşam Rəfəh şəhərindəki hava hücumunda öldüyünü təsdiqləyib.

İsrail ordusu həmçinim İordan çayının qərb sahilində 20-yə yaxın "İslami Cihad" üzvünü saxladığını da açıqlayıb.

Vurğulanır ki, cümə günü İsrailin Qəzza zolağına endirdiyi hava hücumlarında "İslami Cihad"ın Qəzzada yüksək səviyyəli komandirlərindən Tisir əl-Cəbəri də daxil olmaqla, 7 yüksək vəzifəli üzvü öldürülüb.
 
09.40
 
İsrail "İslami Cihad"ın yüksək rütbəli komandiri Xalid Mənsurun öldüyünü açıqlayıb.

Bu barədə Qaynarinfo "Times of Israel”ə istinadən xəbər verir.

Hərbi kəşfiyyat məlumatlarına görə, Xalid Mənsur son onilliklər ərzində İsrailə qarşı terror və raket hücumlarının təşkilində fəal iştirak edib.

Mənsurla birlikdə "İslami Cihad”ın siyasi rəhbərliyinin üzvü Əhməd Mədləl də öldürülüb.

Bundan əvvəl İsrailin Qəzza zolağına endirdiyi aviazərbə zamanı fələstinli qruplaşmanın daha bir komandirinin öldüyü məlum olub.