“Qəhrəmanlar” və “Neşvill” seriallarının ulduzu 36 yaşında vəfat edib. Aktrisanın ailəsi onun ölüm səbəbini açıqlamayıb.
Amerikalı aktrisa, “Qəhrəmanlar” və “Neşvill” serialları ilə tanınan Heyden Panettyeri 36 yaşında vəfat edib.
Qaynarinfo xəbər verir ki, bu barədə aktrisanın atası Skip Panettyeri "Associated Press"ə məlumat verib.
“Dərin kədər hissi ilə sevimli Heydenimizin faciəli ölümünü bildiririk. O, onu tanıyan hər kəsə, eləcə də onu ekranlarda izləyən milyonlarla tamaşaçıya sonsuz sevgi və sevinc bəxş edən inanılmaz bir işıq və qarşısıalınmaz qüvvə idi”, deyə aktrisanın atası bildirib.
Panettyeri karyerasına hələ uşaq yaşlarında başlayıb. Ona dünya şöhrəti fantastik “Qəhrəmanlar” serialında Kler Bennet rolu gətirib. Daha sonra aktrisa “Neşvill” musiqili dramında Cülyett Barns obrazını canlandırıb və bu roluna görə iki dəfə “Qızıl qlobus” mükafatına namizəd olub. O, həmçinin “Titanları xatırlayaraq” və “Qışqırıq” filmlərində rol alıb.
Aktrisa aktyorluq karyerası ilə yanaşı, uzun illər ukraynalı boksçu Vladimir Kliçko ilə münasibətləri səbəbindən də diqqət mərkəzində olub. Cütlük 2009-cu ildə münasibətə başlayıb. Ayrılıq və barışıqdan sonra 2013-cü ildə nişanlandıqlarını elan ediblər.
2014-cü ilin dekabrında Panettyeri və Kliçkonun Kaya Yevdokiya adlı qızı dünyaya gəlib. Doğuşdan sonra aktrisa doğuşdan sonrakı depressiya və asılılıq problemləri ilə üzləşib. 2018-ci ildə cütlük nişanı birdəfəlik pozub, qızlarının əsas qəyyumluğu isə Kliçkoya keçib.
Panettyeri son illərdə asılılıq və psixi sağlamlıq problemləri ilə mübarizə təcrübəsindən danışıb. O, reabilitasiya keçib və tədricən kino və televiziya sahəsində fəaliyyətini bərpa edib.
2026-cı ildə aktrisa uşaqlıq şöhrəti, analıq, asılılıq, şəxsi itkiləri və həyatının çətin dövrlərindən bəhs etdiyi avtobioqrafik memuarlarını da nəşr etdirib.
Panettyeri 37-ci doğum gününə bir neçə gün qalmış vəfat edib. O, 21 avqust 1989-cu ildə anadan olub.
Aydın
Şərhlər