Böyük Britaniya krallıq ailəsinin üzvü olmaq təkcə dəbdəbəli həyat və saysız-hesabsız imtiyazlar demək deyil. Krallıq protokolu ailə üzvlərinin gündəlik həyatını, hətta qidalanma vərdişlərini belə ciddi qaydalarla tənzimləyir. Məhz bu səbəbdən gələcəyin Britaniya kraliçası hesab edilən Keyt Middelton da istədiyi hər qidanı yeyə bilmir.
Qaynarinfo xəbər verir ki, Krallıq ekspertlərinin açıqlamalarına görə, Uels şahzadəsi sağlamlığını qorumaq və rəsmi fəaliyyətini fasiləsiz davam etdirmək üçün bir sıra qidalardan imtina etməyə məcburdur.
Məlumata görə, Uels şahzadəsi krallıq protokoluna əsasən, xüsusilə rəsmi səfərlər zamanı qabıqlı dəniz məhsulları, çiy və ya az bişmiş ət, sarımsaq, çiy soğan, həmçinin kran suyundan uzaq durmalıdır.
Bildirilir ki, bu qaydalar dəbdəbəli saray ənənələrindən deyil, daha çox sağlamlıq və təhlükəsizlik səbəblərindən irəli gəlir. Mənbələrin sözlərinə görə, şahzadənin ən kiçik səhhət problemi belə həm ictimai narahatlıq yarada, həm də sıx krallıq proqramının pozulmasına səbəb ola bilər.
Krallıq ailəsinə yaxın mənbələr bildiriblər ki, şahzadənin qidalanma qaydaları onun çoxsaylı rəsmi tədbirlərdə, beynəlxalq səfərlərdə və ictimai görüşlərdə fasiləsiz iştirakını təmin etmək məqsədi daşıyır.
Xüsusilə xarici ölkələrə səfərlər zamanı qida zəhərlənməsi riskini azaltmaq üçün qabıqlı dəniz məhsullarının qəbulundan imtina edilir. Eyni səbəbdən çiy və ya az bişmiş ət də menyudan çıxarılır.
Bundan başqa, sarımsaq və çiy soğan da rəsmi tədbirlər zamanı xoşagəlməz qoxunun qarşısını almaq məqsədilə istehlak edilmir. Həmçinin III Çarlz tərəfindən uzun illərdir tətbiq olunan qaydaya əsasən, krallıq iqamətgahlarında qaz ciyərinin (foie gras) verilməsinə də icazə yoxdur.
Ekspertlərin sözlərinə görə, Keyt Middleton bu məhdudiyyətlərdən narazılıq etmir. Əksinə, o, sağlamlığını qorumağı və rəsmi vəzifələrini problemsiz yerinə yetirməyi prioritet hesab edir.
Ən diqqətçəkən qadağalardan biri isə su ilə bağlıdır. Bildirilir ki, şahzadə xarici ölkələrə səfərləri zamanı bakteriya, çirklənmə və ya suyun mineral tərkibi ilə bağlı riskləri azaltmaq üçün kran suyu içmir. Bunun əvəzinə yalnız təhlükəsiz hesab olunan qablaşdırılmış sudan istifadə edir.
Günay
Şərhlər