XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Argentina lideri neft şirkətlərini hədələdi və Folklendla bağlı iddiasını təkrarladı
Dünya14:55 04.09.2026

Argentina lideri neft şirkətlərini hədələdi və Folklendla bağlı iddiasını təkrarladı

Argentina prezidenti Xavyer Miley Böyük Britaniya ilə Folklend adaları məsələsində gərginliyi artıraraq Britaniyanın xarici ərazisi yaxınlığında neft hasilatı həyata keçirən şirkətlərə iqtisadi sanksiyalar tətbiq ediləcəyi barədə xəbərdarlıq edib.

Qaynarinfo xəbər verir ki, milli televiziya ilə yayımlanan müraciətində Xavyer Miley bildirib ki, ABŞ-ın məsələ ilə bağlı neytral mövqeyini yenidən nəzərdən keçirə biləcəyinə dair əlamətlərin ortaya çıxması fonunda "dəyişiklik küləkləri" Argentinanın adalarla bağlı iddiasının lehinə əsir.

Miley Britaniya və İsrail şirkətlərinin kəşfiyyat işlərinə başlamalı olduğu "Sea Lion" neft yatağını "açıq və real təhlükə" adlandırıb.

Böyük Britaniyanın Baş nazirlik ofisi cümə günü yaydığı açıqlamada bildirib ki, "Folklend adaları sakinlərinin öz müqəddəratını təyinetmə hüququ öz təbii ehtiyatlarından istifadə etmək hüququnu da əhatə edir".

Folklend adaları uğrunda müharibədən 40 ildən çox vaxt keçməsinə baxmayaraq, Cənub-Qərbi Atlantik okeanında yerləşən arxipelaqın suverenliyi Britaniya və Argentina arasında hələ də kəskin mübahisə mövzusudur.

Miley prezident sarayında kabinet üzvlərinin əhatəsində sanksiya planını açıqlayaraq Folklend adalarının "tarixi və hüquqi baxımdan" Argentinaya məxsus olduğunu bir daha vurğulayıb.

Sanksiyaların hansı formada və hansı miqyasda tətbiq ediləcəyi və ya sərtləşdiriləcəyi hələlik məlum deyil. Argentinada mövcud qanun artıq adalarda icazəsiz hesab edilən layihələrdə iştirak edən neft şirkətlərinin fəaliyyətinə məhdudiyyət qoymağa imkan verir.

Böyük Britaniyanın müdafiə naziri Ues Stritinq ölkəsinin Folklend adalarına bağlılığının "mütləq və sarsılmaz" olduğunu bildirib.

"Mileyin gecə saatlarında verdiyi açıqlama bizə Folklend adalarından daha çox Argentinadakı daxili siyasət haqqında məlumat verir", – o, "X" sosial şəbəkəsində yazıb.

Baş nazirlik ofisi cümə günü də mövqeyini təkrarlayaraq adaların sakinləri istədiyi müddətdə onların Britaniyanın xarici ərazisi olaraq qalacağını bildirib.

"Bu, Argentina hökumətlərinin adaların sakinlərinə qarşı iqtisadi təhdidlər səsləndirdiyi ilk hal deyil. Biz açıq şəkildə bildiririk ki, Folklend adaları sakinlərinin öz müqəddəratını təyinetmə hüququ öz təbii ehtiyatlarından istifadə etmək hüququnu da əhatə edir", – açıqlamada deyilir.

2013-cü ildə keçirilən referendumda adaların sakinləri böyük səs çoxluğu ilə Britaniyanın xarici ərazisi olaraq qalmağa səs veriblər. Seçicilərin 99,8 faizi bu variantı dəstəkləyib, yalnız üç nəfər əleyhinə səs verib.

Mileyin çıxışının əsas hissəsi Folklend adaları yaxınlığında neft kəşfiyyatına başlamağı planlaşdıran enerji şirkətlərinə sanksiya tətbiq edilməsini nəzərdə tutan qanun layihəsinin parlamentə təqdim edilməsi ilə bağlı olub.

Adalardan təxminən 130 mil məsafədə yerləşən "Sea Lion" neft yatağında təqribən 1,7 milyard barel neft olduğu ehtimal edilir.

Müqayisə üçün qeyd edək ki, Şetlend adalarından 80 mil qərbdə yerləşən Şimal dənizindəki "Rosebank" neft yatağında təxminən 300 milyon barel neft olduğu bildirilir.

Böyük Britaniyanın "Rockhopper Exploration" və İsrailin "Navitas Petroleum" şirkətlərinin iki il ərzində Folklend adaları sahillərində yerləşən "Sea Lion" yatağında neft hasilatına başlaması planlaşdırılır. Miley bildirib ki, Argentina buna imkan verə bilməz.

"Rockhopper" yataqda "bazarda yüksək tələbat görən xam neft" olduğunu açıqlayıb.

"Navitas" isə bu ilin əvvəlində yayımladığı videoda Folklend adalarında artıq həyata keçirdiyi işləri, o cümlədən dok, helikopter meydançası və neft işçiləri üçün yaşayış yerlərinin tikintisini nümayiş etdirib.

BBC Mileyin son açıqlamaları ilə bağlı hər iki şirkətdən münasibət almağa çalışıb.

"Əgər bir neçə ay ərzində sürətlə hərəkətə keçməsək, onlar dənizimizin altında yerləşən neftə çıxış əldə etmək üçün maddi imkanlara sahib olacaqlar. Bu isə əvvəllər heç vaxt baş verməyib", – Miley deyib.

Folklend məsələsində son gərginliyin həm Argentinanın daxili siyasəti, həm də regional siyasətlə bağlı tərəfi var.

Ölkə daxilində populyarlığı kəskin şəkildə azalan Miley hazırda təxminən 34 faiz təşkil edən dəstəyini artırmağa çalışır. Prezident seçkilərinə cəmi bir il qalıb və onun keçmiş vitse-prezidenti Viktoriya Vilyarruel ciddi rəqib kimi çıxış edir.

Hərbi yönümlü siyasətçi olan Vilyarruel Folklend adalarının suverenliyi məsələsində dəyişiklik əldə etmək üçün Mileyin diplomatik səylərini tənqid edib. Sanksiyalar Mileyin Argentina kimliyi üçün son dərəcə mühüm olan bu məsələdə zəif davrandığı barədə ittihamların qarşısını almaq cəhdinin bir hissəsi ola bilər.

Miley üçün bu məsələnin konkret xarakter daşıması da üstünlükdür. Söhbət suverenlik və öz müqəddəratını təyinetmə ilə bağlı ümumi mübahisələrdən deyil, konkret neft yatağında yaxınlaşan kəşfiyyat işlərindən gedir.

Argentina prezidenti hesab edir ki, Böyük Britaniya mübahisə həll edilmədiyi müddətdə tərəfləri birtərəfli addımlar atmamağa çağıran BMT qətnaməsini pozur.

Miley həmçinin Argentinanın cənubundakı Tierra del Fueqo bölgəsində hərbi-dəniz bazasının yaradılması planlarını açıqlayıb. O bildirib ki, ABŞ prezidenti Donald Tramp və ABŞ hökuməti "Folklend adaları ilə bağlı tarixi mövqelərini qiymətləndirirlər". Argentina adaları "Las Malvinas" adlandırır.

"Bu, boş sözlər deyil. Çünki onlar Argentinanın etibarlı tərəfdaş və qarşıdakı onilliklər üçün dəyərli müttəfiq olduğunu anlayırlar", – Miley deyib və Böyük Britaniyanı "tənəzzül edən ölkə" adlandırıb.

"Dünyada bizim iddiamızın lehinə olan dəyişiklik küləkləri əsir", – Argentina prezidenti əlavə edib.

Tramp cümə axşamı "GB News" telekanalına müsahibəsində ABŞ-ın mümkün ərazi mübahisəsi zamanı Böyük Britaniyanın köməyinə gəlib-gəlməyəcəyi barədə suala cavab verərkən bildirib ki, Böyük Britaniya ABŞ-ın İranla müharibəsində "mənə kömək etmək üçün yanımda olmayıb".

Trampın son açıqlamaları bundan əvvəl ABŞ-ın Folklend adaları ilə bağlı mövqeyinin "yenidən nəzərdən keçirilən çoxsaylı məsələlərdən biri" olduğunu deməsindən sonra səslənib.

Mileyin çıxışından bir neçə saat əvvəl ABŞ Dövlət Departamentinin yüksək vəzifəli əməkdaşı Sara Rocers Miley ilə birgə fotosunu paylaşaraq "Qərb yarımkürəsində maraqlı hadisələr baş verir" yazıb.

1982-ci ildə Argentina qüvvələri əraziyə iddia irəli sürmək üçün Folklend adalarına daxil olub. Bu, Britaniya hərbi qüvvələrinin Argentina qoşunlarını adalardan çıxarması ilə nəticələnən 74 günlük müharibəyə səbəb olub.

Münaqişə zamanı 255 britaniyalı hərbçi, üç ada sakini və 649 argentinalı hərbçi həlak olub.

İki ölkə arasında məsələ ilə bağlı gərginliyin hələ də davam etdiyini göstərən son nümunələrdən birində Argentina futbolçuları dünya çempionatında İngiltərə üzərində qələbələrini ölkələrinin ərazi iddiasını dəstəkləyən banner açaraq qeyd ediblər.

Aydın