XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Xilas olmaq üçün cəmi 10-15 saniyə: Kosmosda skafandrsız insanın başına nə gəlir?
Dünya23:16 04.09.2026

Xilas olmaq üçün cəmi 10-15 saniyə: Kosmosda skafandrsız insanın başına nə gəlir?

Elmi-fantastik filmlərdə insanın skafandrsız açıq kosmosa düşməsi müxtəlif şəkildə təsvir olunur. Alimlər və astronavtlar isə belə vəziyyətdə insan bədəninin partlamayacağını, qanın da qaynamayacağını bildirirlər. Bununla belə, nəticələr son dərəcə ağır ola bilər.

Qaynarinfo xəbər verir ki, "ZME Science" nəşri skafandrsız şəkildə açıq kosmosa çıxan insanın başına əslində nələrin gələcəyini izah edib. Kosmik tibb sahəsində onilliklər ərzində aparılan təcrübələr, qəza hadisələri və NASA-nın araşdırmaları alimlərə belə vəziyyətin nəticələri barədə kifayət qədər aydın təsəvvür yaradıb.

"Kosmos insanların həyatını təmin etmək üçün yaradılmış mühit deyil", deyə NASA-nın skafandrlar üzrə mühəndisi Emi Ross kosmik agentliyin podkastlarından birində deyib.

Qeyd olunur ki, açıq kosmosda qoruyucu vasitələr olmadan insan sürətli daxili dekompressiyaya məruz qalır. Ətrafdakı təzyiq azaldıqca qazlar genişlənir, hava ağciyərlərdən xaric olur, həzm sistemində və digər boşluqlarda olan qazlar da genişlənir. Lakin insan bunun nəticəsində partlamır.

Nəşr vurğulayır ki, dəri, qan damarları və birləşdirici toxumalar bədəni bütöv saxlamaq üçün kifayət qədər möhkəmdir. Dəri son dərəcə elastik və davamlı olduğundan genişlənməyə tab gətirə bilir.

Açıq kosmosda nəfəsi saxlamaq isə heç də yaxşı fikir deyil. Nəşrin izahına görə, ağciyərlərdə sıxışıb qalan və sürətlə genişlənən qaz zərif ağciyər toxumasını zədələyə və həkimlərin "ağciyər barotravması" adlandırdığı vəziyyətə səbəb ola bilər.

Bundan əlavə, nəfəsi saxlamaq nəticəsində hava qabarcıqları qan dövranına daxil olaraq beyinə çata və insulta səbəb ola bilər. Nəfəsin saxlanılması vakuumla bədənin daxilindəki atmosfer təzyiqi arasındakı fərq səbəbindən ağciyərlərə ciddi zərbə vurur və onların sürətlə zədələnməsinə gətirib çıxara bilər.

Nəşr xatırladır ki, normal atmosfer təzyiqində su 100 dərəcə Selsidə qaynayır. Lakin təzyiq azaldıqca suyun qaynama temperaturu da aşağı düşür. Təzyiq dəniz səviyyəsində insanın hiss etdiyi təzyiqin təxminən 6 faizinə endirilərsə, su artıq normal bədən temperaturunda – təxminən 37 dərəcə Selsidə qaynaya bilər. Bu isə bəzi toxumalardakı suyun buxara çevrilməsinə səbəb ola bilər.

NASA-nın ilkin araşdırmaları göstərib ki, vakuuma yaxın şəraitdə uzun müddət qalmaq son dərəcə güclü şişkinliyə səbəb ola bilər.

Nəşrin məlumatına görə, gözləri örtən nazik göz yaşı təbəqəsi buxarlanmağa və qaynamağa başlaya bilər. Eyni proses ağız suyunda və dilin üzərindəki nəmlikdə də baş verə bilər. Tənəffüs sisteminin bəzi hissələrini örtən su da buxarlanmağa başlayar.

Kosmonavtika tarixinin ən məşhur vakuum hadisələrindən biri

Nəşr xatırladır ki, 1966-cı ilin dekabrında kosmik skafandrlar üzrə texnik Cim LeBlan hazırda Conson adına Kosmik Mərkəzin yerləşdiyi ərazidə "Apollo" proqramına aid skafandrın sınaqları zamanı vakuum kamerasına daxil olub.

Skafandrın oksigen şlanqının birləşməsində nasazlıq baş verib və bu, təzyiqin kəskin şəkildə düşməsinə səbəb olub. Həmin vaxt kamerada artıq vakuuma yaxın şərait hökm sürürdü.

LeBlan təxminən 14 saniyə ərzində huşunu itirmədən qalıb. NASA-nın hadisə ilə bağlı hesabatına əsasən, huşunu itirməzdən əvvəl yaşadığı son aydın hiss dilinin üzərindəki nəmin qaynamağa başlaması olub.

Xoşbəxtlikdən tədqiqat qrupu kameradakı təzyiqi dərhal bərpa edib və bundan sonra LeBlan özünə gəlib. Nəticədə o, uzunmüddətli nevroloji zədələnmələr olmadan kameradan çıxa bilib.

Xilas olmaq üçün nə qədər vaxt var?

Nəşr bildirir ki, skafandrsız açıq kosmosda insan cəmi 10–15 saniyə ərzində huşunu itirir. Lakin araşdırmalar göstərib ki, təzyiq sürətlə bərpa edildiyi və müalicə vaxtında başladıldığı halda vakuumla əlaqəli bir çox zədələnməni aradan qaldırmaq mümkündür.

Bununla belə, hipoksiya, yəni oksigen çatışmazlığı insanı ebulizmdən daha əvvəl öldürə bilər. Bu, təxminən iki dəqiqə ərzində baş verir və oksigen çatışmazlığı səbəbindən bütün orqanların fəaliyyətinin dayanması ilə nəticələnir.

LeBlanın təcrübəsi vakuum şəraitində qalmış insanı xilas etməyin mümkün olduğunu göstərib. Lakin real kosmik uçuş şəraitində belə xilasetmə əməliyyatı son dərəcə çətin olardı. Yaxınlıqda olan astronavt zərərçəkmiş şəxsə hansısa yolla çatmalı, onu saxlamalı və çox qısa müddət ərzində hermetik mühitə qaytarmalı olardı.

Aydın