Siyasət 13:55 01.06.2023

“Kremlin Zəngəzurda konsulluq açması ondan xəbər verir ki...” – Politoloq

"Rusiyanın Sünikdə konsulluq açmaq niyyəti İranın Qafanda açdığı konsulluğa alternativlik məqsədi daşıyır. Bu addım birmənalı şəkildə İranı zərərsizləşdirməyə hesablanıb”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Cümşüd Nuriyev Rusiyanın Ermənistanın Sünik əyalətində konsulluq açmaq istəyinin arxasında hansı məqsədlərin dayandığını şərh edərkən deyib: 
 
"Şimal ölkəsi bu yolla Tehranın bölgədəki siyasi fəaliyyətini zəiflətməyi düşünür. Eyni zamanda,  Moskvanın məqsədi Zəngəzur dəhlizi açılan zaman baş verə biləcək problemlərə hazır olmaqdır. Bu da İranın Zəngəzur dəhlizinin açılmasının əleyhinə olması ilə bağlıdır. Konsulluq həmin ətrafda kompakt şəkidə həmin ölkənin nümayəndələrinin yaşadığına, ya da dövlətin orada iqtisadi maraqlarının olduğuna görə açılır. Bu mənada görə bilərik ki, Rusiyanın Sünikdə konsulluq açmaq niyyəti həmin ərazidə İranla iqtisadi maraqlarının toqquşmasından qaynaqlanır”.
 
Ekspert bildirir ki, bu addım Rusiyanın siyasi təzyiq alətidir: 
 
"Əslində, Moskva konsulluğu Gümrüdə açsaydı, bu daha real olardı. Çünki orada Rusiyanın hərbi  bazası mövcuddur. Rusiya hazırda iqtisadi cəhətdən boğulur. Ona görə də Kremlə  loqistika nəfəsliyi lazımdır. Bu da ancaq Azərbaycan üzərindən mümkündür. Bunu Rusiya yaxşı anladığından tarixi Zəngəzur mahalında konsulluq açmağa niyyətinə düşüb”. 
 
Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə 4-cü departamentinin direktor müavini Sergey Paltov Moskvada erməni-rus ekspertlərinin dəyirmi masasında çıxışı zamanı Moskvanın Zəngəzurda konsulluq açacağını bildirib. O deyib ki, Paşinyan və Putin arasında mayın 25-də Moskvada baş tutan ikitərəfli görüşdə Ermənistan tərəfi Rusiyanın Sünikdə konsulluğunun açılmasına razılıq verib. Paltov bildirib ki, məqsəd təkcə erməni-rus dostluğunun qorunub saxlanmasına deyil, həm də Ermənistanın bu strateji əhəmiyyətli regionunun təhlükəsizliyinə töhfə verməkdir. 
 
Rüfət Sultan