Dünya 14:30 26.01.2024

Kürdlərə verilən vədlər, Ankaranın artan nüfuzu və bölgədə yeni savaş anonsu (ŞƏRH)

"Vaşinqton kürdləri Türkiyədən qorumaq üçün onları Dəməşqlə anlasmağa məcbur edəcək".
 
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Kənan Rövşənoğlu deyib. Ekspert bildirib ki, ABŞ hökuməti İraqdakı hərbi qüvvələrinin bu ölkədən çıxarılması ilə bağlı İraq hökuməti ilə danışıqlara başlayacaq.  

"Burda iki əsas detal diqqəti cəlb edir. Birincisi, İran proxy qüvvələrinin artan hücumlarıdir. Məlum olduğu kimi, 7 oktyabr hücumundan sonra İraq və Suriyada İrana yaxın silahlı qruplaşmalar ABŞ hərbi bazarlarına hücumlar təşkil edir. Daha sonra onlara Yəmən husiləri də qoşuldu. Bu qrupların əsas şüarı odur ki, ABŞ İsrailin Qəzzaya hücumunu dəstəkləyir. Bu həqiqətən də belədir, baxmayaraq ki, Vaşinqton dinc əhaliyə qarşı qırğınları müdafiə etmir. Bu səbəbdən də ərəb ictimai rəyində bu hücumlar geniş dəstək görür", deyə şərhçi bildirib. 
 


Həmsöhbətimiz vurğulayıb ki, İraq hökuməti bu hücumları deyil, Birləşmiş Ştatların cavab zərbəsini pisləyiblər:

"Səudiyyə Ərəbistanı və BƏƏ illərdir ki, Yəməndə husilərə qarşı müharibə aparsalar da, Qəzza məsələsinə görə ABŞ-ın husilərə qarşı koalisiyasina qoşulmadılar. Vaşinqtonda da vəziyyəti anlayırlar, o səbəbdən də ABŞ hökuməti çalışır ki, ən azı bu ərəfədə hücumları və diqqəti üzərindən uzaqlaşdıra bilsin. Çünki aydın məsələdir ki, bu danışıqlar zaman alacaq, ona qədər də regionda vəziyyət dəyişəcək”. 

Kənan Rövşənoğlu bildirib ki, Suriyada kürdlər üçün çətin vəziyyət yaranıb:

"Çünki ABŞ dəstəyi olmasa, regionda heç bir ölkə kürdləri qoruya bilməz. Çünki kürd məsələsi Türkiyə qədər İranı və Suriyanı da narahat edir. Bu səbəbdən də indiki həssas situasiyada kürdlərin tərəflərdən biri ilə yaxınlaşması və ya belə desək barışması lazımdır. Ən uyğun variant Bəşər Əsəd hökumətidir, çünki kürdlərə hüquqi statusu Dəməşq verə bilər. Eyni zamanda, bu həm də o deməkdir ki, Vaşinqton kürdləri bu formada daha uzun müddət Türkiyədən qoruya bilməyəcəyini anlayır. Xüsusən də əgər növbəti ABŞ prezidenti Donald Tramp olarsa, o zaman kürdlər üçün vəziyyət daha da pisləşəcək”.

Siyasi analitik onu da xatırladıb ki, Tramp 2019-cu ildə qüvvələri Suriyadan çıxarmaq barədə qərar vermişdi:

"Eyni zamanda Türkiyə məhz o illərdə bir neçə dəfə kürd qruplaşmalarının yerləşdiyi Suriya ərazisində əməliyyat keçirdi. Bu səbəbdən də Vaşinqtonun kürdlərə təklifi tamamilə realdır və yeni reallığa uyğundur".

Qeyd edək ki, ABŞ İraqdakı hərbi qüvvələrinin bu ölkədən çıxarılması ilə bağlı İraq hökuməti ilə danışıqlara başlayacağı ilə bağlı məlumatlar nüfuzlu Qərb mətbuatında tirajlanıb. Məlumata görə bununla bağlı məktubu ABŞ-ın İraqdakı səfiri Alina Romonovski İraq XİN-ə təqdim edib. Məlumatlara görə, Vaşinqtonun Suriya kürdlərinə İŞİD-ə qarşı mübarizə məqsədilə Bəşər Əsəd hökuməti ilə əməkdaşlıq təklif edəcəyi gözlənilir. Lakin Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq brifinqdə bildirib ki, ABŞ və İraq hərbçiləri arasında gözlənilən danışıqlar "ABŞ qoşunlarının İraqdan çıxarılması” ilə bağlı olmayacaq. Pentaqon rəsmisinin sözlərinə görə, onlar ABŞ və İraq arasında ikitərəfli əməkdaşlığın gələcəyindən danışacaqlar", - Sinq deyib. O, görüşlərdə İslam Dövləti terror qruplaşmasına qarşı mübarizənin, əməliyyat tələblərinin və İraq Silahlı Qüvvələrinin təchizat səviyyəsinin müzakirə ediləcəyini vurğulayıb.

Eyni zamanda, Sinq görüşlərdə İraqdakı ABŞsilahlı qüvvələrinin sayının müzakirə olunub-olunmayacağı ilə bağlı suala müsbət cavab verib.

Aydın