"Mahmud Abbas heç bir halda Qəzza üzərində legitimliyini bərpa edə bilməyəcək".
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Rufiz Hafizoğlu Fələstin hökumətinin rəhbəri Mahmud Abbasın Qəzza zolağının idarəçiliyini öz üzərinə götürməyə hazır olduğu barədə bəyanatını şərh edərkən deyib.
"Mahmud Abbas nəinki Qəzza zolağını idarə etmək, o heç İordan çayının Qərb sahilini belə idarə etmək iqtidarında olan siyasi lider deyil", deyə ekspert qeyd edib.
Həmsöhbətimiz düşünür ki, Abbas tərəfindən bu məsələnin gündəmə gətirilməsi birbaşa İsrail tərəfindən ona edilən təklifin nəticəsidir:
"Düzdür, HƏMAS-dan fərqli olaraq Mahmud Abbas beynəlxalq ictimaiyyət tərəfindən tanınmış Fələstin dövlətinin rəhbəridir. Onda nədən Mahmud Abbas Qəzza zolağının idarəçiliyini öz üzərinə götürməyə hazır olduğunu dilə gətirib? Məsələnin gündəmə gətirilməsi birbaşa İsrail tərəfindən ona edilən təklifin nəticəsidir. Bu vəziyyəti bir qədər yumşaltmaq istiqamətində atılan addımdır və Qəzzada müharibənin başlanmasından 3 ay sonra gündəmə gətirilib. İsrail yaxşı başa düşür ki, Qəzzanın tam işğalı işə düşsə və buna nail olsa da, Təl-Əviv həmin əraziləri idarə etmək iqtidarında olmayacaq. Bu, İsrail üçün çox ağrılı faktor olacaq. Bu baxımdan, Qəzza zolağında onlara daha zəif idarəçilik, idarəetmə strukturu lazımdır. Bu zaman da ilk növbədə ağıla gələn heç şübhəsiz Mahmud Abbas və onun Ramallahdakı hökumətidir".
Siyasi şərhçi Mahmud Abbasın bu niyyətinin uğur qazanmayacağı qənaətindədir:
"Bu da iflasa uğrayacaq. HƏMAS tam olaraq tərksilah olunsa, təslim olsa da belə, onun fiziki məhvindən söhbət gedə bilməz. Bu, mümkün deyil. HƏMAS-da bir düşüncədir. HƏMAS yalnız bir paytaxt iki dövlətin qurulması fonunda məhv ola bilər. Yalnız bu halda HƏMAS silahlı müqavimətdən siyasi mübarizəyə qədəm qoya bilərdi. Problemi yaradan səbəblər işğal problemidir".
Qeyd edək ki, Fələstin Milli Administrasiyasının (PNA) rəhbəri Mahmud Abbas son açıqlamasında Qəzza zolağının idarəçiliyini öz üzərinə götürməyə hazır olduğunu bəyan edib. O, ərəb mediasına müsahibəsində deyib ki, Qəzzanın idarə olunmasında ərəb və ya digər beynəlxalq tərəfdaşlığa etiraz etmir. Ardınca da vurğulayıb ki, PNA Qəzzanın idarəçiliyini öz üzərinə götürməyə hazırdır və bunu etmək üçün hər cür imkanlara malikdirlər. Bundan əlavə, Abbas qeyd edib ki, o, Fələstinin BMT-yə tamhüquqlu üzvlüyünə nail olmaq niyyətindədir.
Rüfət Sultan
Şərhlər