Dünya 08:30 16.06.2022

Makron, Şolz və Draqi gecə Ukraynaya yola düşdü

Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolz və İtaliyanın baş naziri Mario Draqi Ukraynanın paytaxtı Kiyevə getmək üçün gecə qatarla yola düşüblər. 

Qaynarinfo "Reuters” xəbər agentliyinə istinadla xəbər verir ki, bu barədə Fransa prezidenti ofisindən məlumat veriblər

Üç Avropa liderinin səfəri Ukraynanın Rusiyanın cənub və şərqdəki irəliləyişlərinin qarşısını almaq üçün əlavə silah tələb etdiyi vaxta təsadüf edir. 

Nikolayvdakı Ukrayna qüvvələrinə rəhbərlik edən general-mayor Dmitri Marçenko deyib ki, onun qoşunları lazımi silahlar verilsə, Rusiyanı məğlub edə bilər.

Hər üç lider ölkələrində və xaricdə Ukraynaya lazımı dəstək göstərmədiklərinə görə aylardır tənqid olunurlar. 

Simvolik səfər Avropa Komissiyasının Ukraynanın AB-yə namizəd statusu ilə bağlı tövsiyə verməsindən bir gün əvvəl baş tutacaq. Avropanın ən böyük dövlətləri 23-24 iyun tarixlərində baş tutacaq liderlər sammitində müzakirə etməyə hazırlaşdıqları mövzuya indiyə qədər soyuqqanlı yanaşırdılar. 

Qeyd edək ki, buna qədər Kiyev Fransa, Almaniya və bir qədər də İtaliyanı Ukraynaya dəstək verməkdə ləng davranmaqda, onları silah tədarükünü gecikdirməkdə və öz rifahını Ukraynanın azadlığı və təhlükəsizliyindən üstün tutmaqda ittiham edərək tənqid edib.

Nurlan Hüseynov