Texnologiya 11:40 20.06.2023

Mask Avropa İttifaqı qarşısında boyun əyməyə məcbur oldu

Dezinformasiyaya qarşı mübarizə haqqında Avropa İttifaqının yeni qanunu qüvvəyə mindiyi zaman "Twitter" buna əməl edəcək.

Qaynarinfo "Le Figaro"ya istinadən xəbər verir ki, bu barədə sosial şəbəkənin sahibi İlon Mask "France 2" telekanalına müsahibəsində bildirib.

"Twitter" qanuna əməl edəcək. Təkrar edirəm, qanun qüvvəyə minərsə, "Twitter" ona hörmət edəcək", İlon Mask Aİ-nin rəqəmsal xidmətlərlə bağlı yeni qanunvericiliyi (Digital Services Act) haqqında suala cavab verib.

Qanun avqustun 25-dən qüvvəyə minəcək və media platformalarının şübhəli məzmuna operativ reaksiya verməsi ilə bağlı öhdəlikləri nəzərdə tutur. Qanunvericiliyə məhəl qoymamağa görə cərimələr şirkətin qlobal gəlirlərinin 6%-nə qədər yüksək ola bilər.

Bu il may ayının sonunda Mask qərar vermişdi ki, "Twitter" Aİ-nin dezinformasiya əleyhinə kodeksində iştirak etməyəcək. Daha sonra həmin sahə üzrə Avropa komissarı Vera Yurova "Twitter"in "qarşıdurmanı seçdiyini”, Fransanın rəqəmsallaşma üzrə naziri Jan-Noel Barro isə Avropa qaydalarına hörmətsizlik halında sosial şəbəkəyə qadağa qoyulmasının istisna olunmadığını bildirib.

Nizami Bağırov