Mərhum sənətkar Məhəbbət Kazımovun repertuarındakı "Təkcə mənim olaydın" mahnısının kriminal aləmin nümayəndəsinin tələbi ilə repertuardan çıxarıldığı iddiasına aydınlıq gətirilib.
Müğənninin oğlu Rəşid Kazımov Qaynarinfo-ya açıqlamasında bildirib ki, atası vəfatınadək həmin mahnını ifa edib və heç vaxt kiminsə tələbi ilə repertuarında dəyişiklik etməyib:
"İnanmıram ki, Zahir müəllim belə bir ifadə işlədib. Belə bir hadisənin baş verdiyinə inanmıram. Məhəbbət Kazımov hansı mahnını repertuarından çıxarıb ki? O, ömrünün sonunadək bütün mahnılarını oxuyub. Mahnılar onun övladları idi. Atam heç vaxt kiminsə xatirinə və ya tələbi ilə repertuarından mahnı çıxarmayıb, çıxarmazdı da".
Qeyd edək ki, şair Zahir Abbas çıxışlarının birində Məhəbbət Kazımovun repertuarındakı "Təkcə mənim olaydın" mahnısı ilə bağlı maraqlı iddia səsləndirib. Onun sözlərinə görə, Rusiyada konsert proqramında iştirak edən müğənni kriminal aləmlə əlaqəsi olduğu deyilən bir şəxsin görüşünə çağırılıb və həmin şəxs ondan bu mahnını daha ifa etməməyi xahiş edib.
Şair iddia edib ki, Məhəbbət Kazımov Rusiyadan qayıtdıqdan sonra "Təkcə mənim olaydın" mahnısını bir daha səsləndirməyib.
Bahar Rüstəmli
Şərhlər