Dünya 13:13 25.12.2022

Mərakeşin baş məşqçisi millidən qovulması haqda: "Onlar qürurumu əlimdən aldılar"

Mərakeş millisinin sabiq baş məşqçisi Vahid Halilhodzic 2022-ci ilin yayında komandadan qovulması ilə bağlı danışıb.

Qaynarinfo "L'Equipe" nəşrinə istinadən xəbər verir ki, mütəxəssis bunu unuda bilmədiyini deyib.

"Onlar mənim qürurumu əlimdən aldılar. Mən bunu nə unuda bilirəm, nə də onları bağışlaya. Bu turnir mənim məşqçilik karyeramla vida mərasimi olmalı idi", deyə Halilhodzic bildirib.

Bosniyalı çalışdırıcı komandanı DÇ-2022-yə çıxarıb. Lakin turnirin başlamasına 3 ay qalmış Mərakeş Futbol Federasiyası millinin turnirə hazırlığı ilə bağlı fikir ayrılıqlarına görə mütəxəssislə əməkdaşlığa xitam vermək qərarına gəlib.

Mərakeş millisi DÇ-2022-də dördüncü yeri tutaraq, Dünya Kubokunun yarımfinalına yüksələn ilk Afrika komandası olub. Mərakeşlilər qrupdan birinci yerdən çıxıb, pley-offda İspaniya və Portuqaliyaya qalib gəlib.

Nizami Bağırov