Xəbər lenti

Tərlan Maştağalı:
Maqazin 15:35 06.05.2026

Tərlan Maştağalı: "Qalib olsam avtomobili satıb borclarımı bağlayacam"

"Əgər müsabiqədə qalib olsam, mənə təqdim olunacaq avtomobili satacam".

Bunu Qaynarinfo-ya açıqlamasında meyxanaçı Tərlan Maştağalı "Kəlmə-Kəlməyə" meyxana şousunda finala vəsiqə qazanmasından danışarkən deyib.  

Meyxanaçı bildirib ki, özünün avtomobili var:

"Amma mənə dəstək olan, bu yarışda əziyyət çəkən insanlar var. Bir az borclarım da var, qalib olsam, həmin avtomobili satıb borclarımı bağlayacam. Dostlarımın ehtiyacı olsa, onlara kömək edəcəm, qonaqlıq da verə bilərəm. Bilmirəm qalib olacam, ya yox. Qismətdirsə, avtomobil mənim olacaq. Dostlarım, tanışlarım və kənd camaatı mənə çox dəstək oldu, onların sayəsində finala çıxdım".

Tərlan Maştağalı son dövrlərdə meyxanaçıların efirlərdən kənar qalması məsələsinə də toxunub:

"Bir vaxtlar yarışlar dayandırılmışdı, sonra yenidən bərpa olundu. İndi artıq müxtəlif verilişlərdə meyxana yarışları keçirilir".

O, həmçinin müğənnilərin meyxana deməsinə də münasibət bildirib:

"Nə problem var ki, desinlər... Meyxana deyənlər də mahnı oxuyur. Məsələn, Vasif Əzimov artıq müğənni kimi fəaliyyət göstərir, amma meyxanaçıdır. Namiq Qaraçuxurlu meyxanaçıdır. Meyxanada uğurlu olduğu kimi müğənnilikdə də uğur qazandı. Məsələn, deyirlər ki, Samirə necə meyxanaçıdır? Deyirəm ki, müğənnilərin arasında ən yaxşı meyxana deyəndi. Deyə bilmərəm ki, Samirə meyxanaçıların arasında ən yaxşı meyxana deyəndi. Adamın peşəsi ayrıdırsa və bunu da bacarırsa nə gözəl".

Qeyd edək ki, "Kəlmə-Kəlməyə” şousunun finalı mayın 9-da keçiriləcək. Finalda Tərlan Maştağalı və Cəlil Əliyev qarşılaşacaq.

Bahar Rüstəmli
--> -->