Bakıda keçirilən minifutbol üzrə dünya çempionatının mükafatlandırılma mərasimi keçirilib.
Tədbirdə Dünya Minifutbol Federasiyasının prezidenti Filip Juda, vitse-prezidenti Peter Kralik, Azərbaycan Minifutbol Federasiyasının prezidenti (AMF) Orxan Məmmədov, vitse-prezident Taleh Nəsibov, gənclər və idman naziri Fərid Qayıbov və digər rəsmi şəxslər iştirak ediblər.
AMF-in prezidenti Orxan Məmmədov milli komandanı dəstəkləyən hər kəsə minnətdarlığını bildirib: "Milli üzvləri, texniki heyət, digər işçilər, həmçinin də Dünya Minifutbol Federasiyasına minnətdaram. Bizə möhtəşəm şərait yaradan və daim idmançıların yanında olan dövlətimizin başçısı İlham Əliyevə təşəkkür edirəm".
Ardınca çempionatın qalibi olan Azərbaycan millisinə kubok və qızıl medallar təqdim edilib. Macarıstan yığması gümüş, Serbiya seçməsi isə bürünc medallarla mükafatlandırılıb. (Oxu.az)
Şərhlər