Siyasət 13:46 15.11.2022

Mişustin Bakıya gəlir: Moskvanın məqsədi nədir?

Rusiya son zamanlar MDB məkanında müxtəlif səpkidə forumlar keçirməyə başlayıb. Növbəti belə bir forum Bakıda baş tutacaq. Noyabrın 17-18-də Bakıda XI Azərbaycan-Rusiya Regionlararası Forumu keçirilməlidir. 

Rusiyanın baş naziri Mixail Mişustin də Bakıya gələcək. İştirakçılar investisiya sahəsində qarşılıqlı fəaliyyət, nəqliyyat infrastrukturu, biznes, kənd təsərrüfatı sahəsində əməkdaşlıq və humanitar əlaqələrin dərinləşdirilməsi məsələlərini müzakirə edəcəklər.
 
İqtisadçı ekspert Natiq Cəfərli Qaynarinfo-ya açıqlamasında bildirib ki, Rusiya MDB məkanında müxtəlif istiqamətlər üzrə forumlar keçirməyə geniş yer verməklə özünün izolyasiya olunmadığı mesajını verir:



"Rusiyanın MDB məkanına ehtiyacı və gözləntiləri vardır. Çünki getdikcə artan sanksiyalar dalğası fonunda tam izolyasiya olmamaq üçün Rusiya MDB məkanına xüsusi münasibəti olan bir məkan kimi baxır. Ona görə də 2020-ci ildən bəri bu sayaq forumlara daha geniş yer verməyə başlayıb. Moskva Ukrayna təcavüzündən sonra belə tədbirlərin sayını daha da artırıb. Qazaxıstan, Ermənistan, Qırğızıstan və Tacikistanda keçirib, indi də Azərbaycanda belə bir forum keçirir. 

Ölkəmiz nə Gömrük İttifaqı, nə də Avrasiya İttifaqının üzvü deyil. Amma Rusiya ilə qarşılıqlı ticarət dövriyyəmiz kifayət qədər yüksəkdir. Rusiya  Azərbaycanın qarşılıqlı ticarət dövriyyəsində ilk beşlikdə yer alan ölkədir. Onlar da Azərbaycanla ticari əlaqələrdə maraqlıdır. Azərbaycan da sanksiyalardan yayınmaq üçün Moskva ilə münasibətdə daha ehtiyatlı davranır. 

Bu kimi forumlara geniş yer ayırmaqla Moskva Qərbə izolyasiya olunmadığı mesajını vermək istəyir. Bu mənada Azərbaycanla bağlı da belə bir forumun keçirilməsi gözlənilən idi. Bir neçə həftə öncə Mişustinin iştirakı ilə bənzər forum Ermənistanda keçirildi. Rusiya balansı qorumaq adı ilə eyni addımı indi də Azərbaycanda atır”. 

Rüfət Sultan