Amal Abuşov
İdman 14:10 04.05.2023

Musa Qurbanlı hansı yolu seçəcək?

"Qarabağ”ın hücumçusu Musa Qurbanlı Azərbaycan çempionatının hazırda davam edən mövsümün ən sərrast futbolçusudur. Qurbanlı bu mövsüm keçirdiyi 32 oyunda 20 qola imza atıb. Nəzərə alsaq ki, hələ finişə qədər dörd tur var, deməli, bu sayın artacağı istisna deyil. 

Bu yerdə onu xatırladım ki, ötən mövsümün də ən məhsuldar futbolçusu "Qarabağ”dan idi. İndi "Krasnodar”da forma geyən Kadi Borges 25 qarşılaşmada rəqiblərin qapı torunu 12 dəfə silkələməyi bacarmışdı. Musa Qurbanlının özü isə həmin siyahıda səkkiz qolla yeddinci sıranı tutmuşdu. İnkişaf göz qabağındadır. Gənc hücumçu həm keçirdiyi oyunların, həm də müəllifi olduğu qolların sayında artıma nail olub. Sözsüz ki, Qurban Qurbanov ona daha çox güvənib, şans verdikcə, onun da fərqlənmək üçün fürsətləri artıb. Belədə Musa da əlinə düşən imkanlardan yaxşı yararlanıb. Qalan dörd turda təqibçilərinin onu haqlayıb-haqlamamasından asılı olmayaraq, Musa Qurbanlının bu mövsümkü göstəriciləri xoş sözlərə layiqdir.

İndi azarkeşlərin arasında, idman mətbuatının manşetlərində tez-tez müzakirə olunan bir məsələ var. Musaya gah qardaş Türkiyədən, gah da uzaq İtaliyadan müştəri düşdüyünü, "Qarabağ”ın hücumçusunun Azərbaycanı tərk etməyə yaxın olduğunu deyirlər. Sözsüz ki, hamımızın da istəyi odur. Çox istəyirik ki, bizim də həmvətənimiz Avropanın məşhur klubunda forma geysin, vurduğu qollarla orda adından söz etdirsin, bizi uzaq ellərdə layiqincə təmsil eləsin. Amma bu işlərin təkcə bizim istəyimizlə olmayacağının da fərqindəyik. Etiraf etməliyik ki, son illərdə ürəyimizdən keçirdiyimiz arzuların heç də hamısı çin olmayıb, azərbaycanlı futbolçular ölkəni tərk etməyə ya çox həvəsli olmayıblar, ya da getdikləri yerdə üzümüzü ağ edib, orda möhkəmlənə bilməyiblər.

Musa Qurbanlının ötən ay 21 yaşı tamam olub. Deməli, hücumçu o qədər də gənc sayılmaz. Uzun müddətdir ki, "Qarabağ”ın heyətində çıxış edib, gənclər yığmasında forma geyinib. Artıq italyan baş məşqçi Canni De Byazinin əsas milliyə çağırdığı futbolçular siyahısında onun da adına rast gəlirik. Düzdür, son rəsmi oyunlarda Musa Qurbanlı özünün və bizim düşündüyümüz qədər şans qazanmadı. Sanki De Byazi ona tam güvənmir, layiq olduğu ölçüdə etimad göstərmir. Bunu da yazaq italyanın məşqçi kimi baxışlarının və ya vicdanının ayağına. Unutmayaq ki, Musa artıq əsas millinin heyətində fərqlənməyə də macal tapıb. Şimali Makedoniyanı 3:1 hesabıyla məğlub etdiyimiz görüşdə bizi sevindirən qollardan birini də Musa vurmuşdu. 

Bütün müqayisələr qüsurlu olsa da, hərdən Musa Qurbanlını Mahir Emreli ilə müqayisə etməyə çalışıram. Emreli "Qarabağ”ın heyətində Çempionlar Liqasının təsnifat mərhələsində "Kopenhagen”in qapısına vacib qol vuranda 20 yaşını təzəcə tamamlamışdı. Ondan sonra Qurban Qurbanovun da, elə azarkeşlərin də ona inamı xeyli artdı. Tale elə gətirdi ki, həmin yay "Qarabağ” Çempionlar Liqasının qrup mərhələsinə yüksəldi, Mahirin də "Roma”, "Çelsi” və "Atletiko” kimi rəqiblərə qarşı yüksək səviyyəli bir turnirdə oynamaq şansı yarandı. Düşünürdük ki, bu təcrübə Mahirin işinə yarayacaq, onun səsi tezliklə Avropanın top-klublarından gələcək. Min təəssüf ki, bu ümidimiz doğrulmadı. "Legiya” və Zaqreb "Dinamo”su kimi ortabablarda möhkəmlənə bilməyən həmyerlimiz indi onlardan daha zəif "Konyaspor”da özünə yer qazanmağa çalışır. Zaman isə çox sürətlə ötüb keçir, Mahirin yaşının da yaxşı vaxtları geridə qalır.

Mən nə Mahir Emrelini qınayıram, nə də Musa Qurbanlının gözünü qorxutmaq fikrindəyəm. Yaxşı bilirəm ki, Mahir də daha yaxşı səviyyədə oynamaq, yüksək səviyyəli klublarda forma geyinmək arzusunda idi. Arzumuz reallıqla üst-üstə düşmür. İndi Musa Qurbanlıya eyni gözlə baxır, eyni şeyləri ondan tələb edirik. Hərdən tələsdiyimizi düşünürəm, hərdən də mənə elər gəlir ki, gecikirik. Musanın legioner həyatı yaşamaq üçün tam püxtələşdiyini demək çətindir. Amma meydandakı qətiyyətli davranışları, yüksək qol duyumu, qüvvətli və cəsarətli son zərbələri onun da şansını sınamaq zamanın gəldiyini göstərir. Bir tərəfdən də adam "Qarabağ”ı düşünür. Yaxşı hücumçu tapmağa çətinlik çəkdiyimiz reallığını düşünüb, Musanın da komandanı tərk etməsini istəmirik. Yaşının da, formasının da yaxşı vaxtında Musanın düzgün seçim edəcəyinə inanıram. Həm özü, həm də Azərbaycan futbolu üçün xeyirlisi olsun!

Amal Abuşov