Bayram günlərində insanlar daha çox yemək hazırlığına, hədiyyə alışına, ailə üzvləri və dostlarla vaxt keçirməyə üstünlük verirlər. Belə şəraitdə sağlamlıq çox vaxt arxa plana keçir. Halbuki tibb elmləri doktoru, kardioloq Devid Sabgir bu dövrdə də ürək sağlamlığını unutmamağın vacib olduğunu vurğulayır.
Qaynarinfo xəbər verir ki, bu barədə "EatingWell” nəşri yazır.
"Bayramlar sevinc vaxtıdır, amma eyni zamanda ürəyimiz üçün əlavə yük yarada bilər", deyə o bildirib və əlavə edib ki, ABŞ Milli Tibb Kitabxanasının saytında dərc olunan tibbi araşdırmalara görə, hətta xüsusi bir anlayış da mövcuddur – "bayram ürəyi sindromu".
Bayram ürəyi sindromu nədir?
Sabgirin sözlərinə görə, bayram ürəyi sindromu bayram mövsümündə yol verdiyimiz qeyri-adi və bəzən sağlam olmayan davranışlar nəticəsində yaranan ürək problemlərini ifadə edən bir vəziyyətdir.
"Bayram ürəyi sindromu həkimlərin ürək ritminin pozulmalarını, məsələn, çox vaxt güclü alkoqol qəbulu dövrlərindən sonra ortaya çıxan qulaqcıq fibrillasiyasını təsvir etmək üçün istifadə etdikləri termindir. Bu hallar adətən istirahət günlərində və ya bayramlarda müşahidə olunur. Hətta nadir hallarda alkoqol qəbul edən insanlar belə, həddindən artıq içki içdikdə risk altına düşə bilərlər”, deyə kardioloq izah edib.
Bayram ürəyi sindromunun geniş yayılmış əlamətləri arasında ürəkdöyünmə, döş qəfəsində narahatlıq hissi və nəfəs darlığı göstərilir. Məqalədə qeyd olunur ki, bu simptomlar çoxlu alkoqol qəbulu, qida dəyəri aşağı olan yeməklərin istehlakı və havaların soyuması ilə əlaqədar fiziki aktivliyin azalması kimi amillərin birləşməsi nəticəsində yarana bilər.
"Ürək bir əzələdir və alkoqol onun fəaliyyətinə təsir göstərə bilər. Bu sindromun digər səbəbləri arasında susuzlaşma nəticəsində yaranan elektrolit disbalansı da var – alkoqol sidikqovucu təsirə malikdir, yəni sizi daha tez-tez tualetə getməyə məcbur edir və bu zaman elektrolitlər itirilir. Həddindən artıq yemək, xüsusən də duzlu və ya natrium tərkibi yüksək olan qidalar ürəyə əlavə yük yarada və qan təzyiqini artıra bilər. Bayram tədbirləri ilə müşayiət olunan stress də bu siyahıya daxildir”, deyə Sabgir bildirib.
Bayram ürəyi sindromunun qarşısını necə almaq olar?
"Kifayət qədər sadə addımlar var ki, bayram mövsümündə və ondan sonra ürəyimizi qoruya bilək. Ən vacibi alkoqol qəbulunda ölçülü olmaqdır və bu, riskin qarşısını almaq üçün edə biləcəyiniz əsas addımdır. Digər mühüm məqam isə orqanizmin su balansını qorumaq və kifayət qədər istirahət etməkdir”, deyə kardioloq vurğulayıb.
Bayram məclislərində olmadığınız vaxtlarda isə qidalanmada faydalı məhsulların yer almasına diqqət yetirmək tövsiyə olunur.
"Ürək üçün faydalı qidaların seçilməsi qəbul etdiyiniz natriumun miqdarını azaltmağa kömək edə bilər. Məsələn, avokado, armud, sitrus meyvələri kimi bütün təzə meyvə və tərəvəzlər ürək üçün xeyirlidir, çünki onların natrium tərkibi azdır və liflə yanaşı, qan təzyiqinin sağlam səviyyədə qalmasını dəstəkləyən digər faydalı maddələr ehtiva edir. Mənim məsləhətim – hətta bayram günlərində belə hər yeməyə bir təzə meyvə və ya tərəvəz əlavə etməkdir”, deyə həkim qeyd edib.
O, həmçinin bəzi spirtli içkilərin alkoqolsuz kokteyllərlə əvəz olunmasını tövsiyə edir.
Aydın
Şərhlər