Müğənni Nadir Qafarzadənin bir neçə gün əvvəl sosial şəbəkələrdə paylaşdığı video ictimaiyyət arasında maraq və müzakirə yaradıb. Sənətçi televiziya efirlərini, blogerləri, aparıcıları, müğənniləri, psixoloqları, tiktokerləri və sosial şəbəkələrdə açıq-saçıq danışan həkimləri sərt tənqid edib.
Müğənni əxlaqsızlığın yayılmasında onları günahlandırıb. O, həmçinin qadınların pis yola düşməsində kişiləri günahkar hesab etdiyini açıqlayıb.
Onun bu çıxışı bəzi şəbəkə istifadəçilərinin narazılığına səbəb olub.
Müğənni Qaynarinfo-ya açıqlamasında sosial şəbəkələrdə belə insanların günü-gündən sayının çoxaldığını bildirib:
"Bu məsələdə hər kəs vətəndaş olaraq mövqeyini ortaya qoymalıdır. Əslində, bu mənim deyil, bütün vətəndaşların, xalqın problemidir. Buna görə təkcə Nadir Qafarzadə deyil, hamı mübarizə aparmalıdır. Mən ailəmə cavabdehəm. Amma bu gün hamı özünü düşünür. Bəs cəmiyyət? Gələcək cəmiyyət, övladlarımız, qızlarımız, oğlanlarımız necə olacaq? Bu problemdə "TikTok”, "Instagram” və digər sosial şəbəkələrin günahı yoxdur. İnsan necədirsə, "Tik-tok”da da elədir. İnsanlar sosial şəbəkələrdə necə olduğunu nümayiş etdirir. Günü-gündən pislər də çoxalır”.
"Bu gün insanların bir hədəfi var - qısa zamanda varlanmaq və tanınmaq istəyi. Bunun adı nədir" sualına Nadir Qafarzadənin cavabı belə olub:
"Belə çıxır ki, biz abır-həyamızı, qeyrətimizi, namusumuzu pula satırıq? Çox təəssüf... Ona görə də gələcəyimiz yoxdur. Gələcəkdə normal ailələr də olmayacaq. Özünü normal hesab edən oğlan həmin qızlarla evlənməyəcək. Mənim ailə üzvlərimdən kimsə çıxıb sosial şəbəkədə hoqqa versə, özünə hörmət etməsə, abırsızlıq, həyasızlıq eləsə, ona tüpürərəm. Doğmam olsa belə. Mənə elə qadın lazım deyil. Getsin "Tik-tok”da da yaşasın, həyatını orada davam eləsin. Onu nəsilimin adından silərəm”.
Bahar Rüstəmli
Şərhlər