Xəbər lenti

Siyasət 09:45 29.05.2022

Nyu-Yorkda Müstəqillik Günü münasibəti ilə ağacəkmə aksiyası keçirildi

ABŞ-ın Nyu-York şəhərinin Bruklin inzibati rayonunda 28 may - Müstəqillik günü münasibəti ilə ağacəkmə aksiyası keçirilib.

"Report”un yerli bürosu xəbər verir ki, rayonun azərbaycanlıların sıx yaşadığı səmtində yerləşən "Lew Fidler” parkında Amerikanın simvolu, gücün və uzunömürlülüyün rəmzi olan "Bur oak” (Şimali Amerika palıdı) ağacı əkilib və xatirə lövhəsi qoyulub.

Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı yanında Daimi Nümayəndəliyinin təşəbbüsü, dəstəyi və Azərbaycan Nyu-York Assosiyasiyasının təşkilatçılığı ilə baş tutan aksiyada Azərbaycanın BMT yanında Daimi Nümayəndəsi səfir Yaşar Əliyev və diplomatlar, rayonun Prezidenti Antonio Reynoso, Nyu-York polis departmentində işləyən azərbaycanlı polislər və Azərbaycan icmasının fəalları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Azərbaycan-Nyu-York Assosiasiyasının sədri Ərcan Yerdələnli qonaqlara Azərbaycanın müstəqillik tarixi haqqında geniş məlumat verib, "Lew Fidler” parkında əkilən palıd ağacının bir sıra müxtəlif icmaların yaşadığı Bruklin rayonunda Azərbaycanın müstəqillik tarixini tərənnüm edəcəyini bildirib.

Görüşdə çıxış edən Y. Əliyev Azərbaycanın müstəqillik tarixindən bəhs edib və dünya azərbaycanlılarını təbrik edib. Diplomat bildirib ki, Nyu-Yorkun Bruklin inzibati rayonu ilə Bakının Səbail rayonu arasında dostluq və əməkdaşlıq haqqında protokol imzalanıb və sözügedən şəhərlər qardaşlaşmış şəhər statusu alıb. Səfir əlavə edib ki, körfəzin kənarında yerləşən "Lew Fidler” parkının yerləşdiyi ərazi Səbail rayonunun çoğrafi quruluşuna uyğun olduğu üçün məhz Azərbaycanın müstəqillik tarixini simvol edən, gücün və qüvvətin rəmzi olan Palıd ağacı burada əkilib. Səfir bu ənənənin davam edəcəyini və yaxın gələcəkdə parkın ərazisində Bakı güşəsinin yaradılmasının planlaşdırıldığını deyib.

Bruklin inzibati rayonunun prezidenti Antonio Reynoso çıxışında Azərbaycan xalqını müstəqillik günü münasibəti ilə təbrik edib. A.Reynoso Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı yanında Daimi Nümayəndəliyi tərəfindən təqdim olunan bu təşəbbüsü böyük sevinclə qarşıladığını bildirib. A.Reynoso yaxın gələcəkdə Azərbaycana səfər etməyi planlaşdırdığını, Bakı və Nyu-York arasında əlaqələrin daha da güclənməsi üçün yeni layihələrə hazır olduğunu dilə gətirib.

Sonda A.Reynoso Bruklin inzibati rayonunda 28 May tarixinin "Azərbaycanın Müstəqillik Günü” elan edilməsi ilə bağlı imzaladığı bəyannaməni Y.Əliyevə təqdim edib. Qonaqlar sonda xatirə fotosu çəkdiriblər. Tədbirdən sonra A.Reynoso və Azərbaycan icmasının aktivləri ölkəmizin mətbəxinin ləziz təamlarının təqdim edildiyi ziyafətdə iştirak edib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?