Xəbər lenti

Partiya rəhbərlərindən “Siyasi partiyalar haqqında” qanun layihəsinə reaksiyalar
Siyasət 13:12 08.09.2022

Partiya rəhbərlərindən “Siyasi partiyalar haqqında” qanun layihəsinə reaksiyalar

Azərbaycanda "Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin ilkin variantı məlum olub. Layihəyə əsasən bir sıra dəyişiklilər nəzərdə  tutulur. 

Yeni layihədə partiya təsisçiləri olan 200 nəfərin azı 20 il Azərbaycanda yaşaması nəzərdə tutulur. Bundan başqa, partiyanın qeydiyyata alınması üçün üzvlərin sayının əvvəlki 1000 nəfərdən yeni layihədə 10 min nəfərə qaldırılması nəzərdə tutulur. Ardıcıl iki dəfə prezident və parlament seçkilərində iştirak etməyən siyasi təşkilatın qeydiyyatını ləğv oluna bilər. Həmçinin siyasi partiyaların Azərbaycandan kənarda istənilən növ (hər növ maliyyə təşkilatları daxil olmaqla) hesab açması qadağan edilir. Üzvün siyasi partiyaya il ərzində ödədiyi üzvlük haqlarının yuxarı həddi 10000 manatdan artıq ola bilməz. Üzvlük haqqının məbləğindən artıq ödənişlər ianə hesab ediləcək. 

Qanun layihəsinin ilkin variantına Qaynarinfo-ya açıqlamasında münasibət bildirən Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn onu o qədər də səmərəli hesab etmir:



"Bu barədə mövqeyimizi sonradan geniş şəkildə bildirəcəyik. Amma ilkin tanışlığa əsasən, layihədə qeyd edilən bir sıra müddəaların Azərbaycanda partiyalarda birləşmək və fəaliyyət göstərməklə bağlı səmərəliliyə məqsədəmüvafiq olmadığı qənaətindəyəm. Müzakirələrdən sonra rəsmi rəyimiz olacaq”. 

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev hesab edir ki, siyasi palitrada münasibətlərin tənzimlənməsi üçün yeni qanuna ehtiyac var:



"Köklü şəkildə yeni qanun layihəsinin işlənməsi təklif olunub. Hesab edirəm ki, partiyalar tərəfindən verilən təkliflərin əksəriyyəti layihədə nəzərdə tutulub. Partiyalararası, habelə iqtidar-müxalifət münasibətlərində, parlament və cəmiyyətdə partiyaların gücü məsələsilə bağlı olaraq belə bir qanunun qəbulu vacibdir. Bu layihə partiyanın özünə, onun konsepsiyasına, baxışlarına münasibətin aydınlaşdırılması üçün bu bir çıxış nöqtəsidir. Gələcəkdə proporsional və ya qarışıq seçki sistemi olacaqsa, cəmiyyətdə partiyaların gücünün artacağını güman edirəm. Layihədə bizi qane edən, etməyən müddəalar da ola bilər. Amma bu, son variant deyil. Parlament və ictimai müzakirələrdən sonra qəti fikrimizi bildirəcəyik”. 

Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə layihədə nəzərdə tutulan müddəaları müsbət dəyərləndirdi:



"Yeni qanun layihəsilə də işləmək olar. Çünki ilkin layihədə əks olunan müddəalar partiyalara fəaliyyət göstərmək üçün şərait yaradır. Amma qeydiyyat üçün 10 min üzvün olması məsələsi azından problem yaradacaq. Ona görə də həmin rəqəm dəyişməlidir”.

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->