Xəbər lenti

Paşinyan üçün KTMT mövzusu bitmək üzərdir (ŞƏRH)
Siyasət 17:27 14.11.2023

Paşinyan üçün KTMT mövzusu bitmək üzərdir (ŞƏRH)

Noyabrın 23-də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) növbəti sessiyası keçiriləcək. Amma Ermənistan növbəti dəfə həmin tədbiri boykot edəcək. Bunu Ermənistanın baş nazir Nikol Paşinyan Belarus lideri Aleksandr Lukaşenko ilə telefon danışığı zamanı deyib.

Onlar Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının noyabrın 23-də Belarusun paytaxtı Minskdə keçiriləcək sessiyasının təşkili ilə bağlı məsələləri müzakirə ediblər. Baş nazir N.Paşinyan Belarus prezidentinə sessiyada iştirak edə bilməyəcəyi barədə məlumat verib və KTMT tərəfdaşlarının bu qərarı anlayacağına ümid etdiyini bildirib. 

Paşinyanın belə qərar verəcəyi əslində gözlənilən idi. Qeyd edək ki, 2022-ci ilin noyabrında İrəvandakı KTMT sammitində Paşinyan təşkilata üzv ölkə başçılarının iştirakı ilə keçirilən Təhlükəsizlik Şurasının iclasında "Ermənistana yardım göstərmək haqqında" sənədləri imzalamaqdan imtina edib. 

2023-cü ili martında isə Ermənistan KTMT Baş katibinin müavini vəzifəsindən imtina edib. Bundan başqa, İrəvan KTMT-nin Belarus və Qırğızıstanda olan hərbi təlimlərinə də qatılmayıb. 

Ötən gün Moskvada MDB Təhlükəsizlik Şurası katiblərinin iclası olub, lakin Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da həmin iclasda iştirak etməyib. Əvəzində o, ABŞ Dövlət Departamentinin Cənubi Qafqaz üzrə baş müşaviri Lui Bononu qəbul edib. İndi Paşinyan növbəti dəfə KTMT tədbirinə getməkdən boyun qaçırır. Əvəzində son dövrlər İrəvanın Qərblə münasibətləri daha da gücləndirdiyi hiss olunur. 

Ermənistan yayda ABŞ-la birgə hərbi təlimlər keçirib. Bundan başqa, Ermənistan rəsmilərinin son zamanlar Qərb ölkələrinə səfərləri də intensivləşib. 
Bu həftə Paşinyan Parisdə Fransa Prezidenti Emmanuel Makronla, ondan əvvəl isə İrəvanda Almaniya, Fransa, Kanada və Macarıstanın xarici işlər nazirləri ilə görüşüb. Əslində, Paşinyan KTMT tərbirlərinə getməməklə Moskvaya göstərmək istəyir ki, artıq onu dost və müttəfiq hesab etmir. Belə vəziyyətin yaranmasının günahını da Rusiyada axtarır, daha doğrusu Moskvanın 44 günlük müharibədə neytral qalmasını həzm edə bilmir. Ona görə də Paşinyan acığa düşərək, KTMT tədbirlərinə qatılmaqdan yayınır. Aydın məsələdir ki, Paşinyan KTMT-yə münasibətdə bu sayaq demarşı təkbaşına etmək gücündə deyil. Onun arxasında qüvvə olmasa, Paşinyan belə addım atmağa cürət edə bilməz. Buradan da görünür ki, Ermənistan baş nazirini belə addımlara sövq edən Qərbdir. 

Bu vəziyyət onu göstərir ki, İrəvan artıq KTMT-yə ciddi önəm vermir və qurumdan uzaqlaşmaq istəyir. Amma bunu birbaşa özü etməkdən çəkinir. Ona görə də elə bir vəziyyət yaratmaq istəyir ki, KTMT özü Ermənistana qapını göstərsin. Elə Paşinyanın dediyi kimi: "Ermənistan KTMT-ni tərk etmir, amma KTMT Ermənistanı tərk edir”. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->