PKK terror təşkilatının silah buraxmağa hazırlaşdığı bir dövrdə Suriyanın şimal-şərq və şərq bölgələrini nəzarətdə saxlayan PKK-nın Suriya qolu olan Suriya Demokratik Qüvvələri (SDQ) ilə Şam rəhbərliyi arasında danışıqlar davam edir.
Qaynarinfo xəbər verir ki, ABŞ-ın vasitəçiliyi ilə dünən Suriya prezidenti Əhməd əl-Şaraa və SDQ lideri Mazlum Abdinin başçılıq etdiyi heyət arasında təşkilatın statusunu müəyyən etmək məqsədilə görüş keçirilib. Danışıqlarda ABŞ-ın Türkiyədəki səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrak, həmçinin Fransanın Suriya üzrə nümayəndəsi Jan-Batist Fevr də iştirak edib. Görüşdə 10 mart tarixində əldə edilən razılaşmanın tətbiqi müzakirə olunub.
Görüşdən sonra açıqlama verən Tom Barrak bildirib ki, region ölkələrində federalizm uğurla nəticələnməyib və bu reallığın qəbul edilməsi vaxt tələb edir:
"SDQ ilə Suriya hökuməti arasındakı münasibətlərlə bağlı fikrim budur: Suriya hökuməti SDQ-ni nəzərdə tutulan çərçivəyə daxil etməkdə böyük və unikal maraq göstərir. İndi bir fürsət yaranıb. Dünya yardım etmək istəyir. Hər kəs bir-birini tamamlayır. Özümüzə mane olmamalıyıq. Hamımız anlaşmalı və bu nəticəyə gəlməliyik: tək ölkə, tək millət, tək ordu, tək Suriya".
Barrak SDQ-nin prosesdə ləng hərəkət etdiyini vurğulayaraq bildirib:
"Onlara tövsiyəm budur ki, bu prosesi sürətləndirsinlər. Tək bir yol var - o da Dəməşqdir. Mesaj budur".
"Associated Press" agentliyinə verdiyi açıqlamada Barrak qeyd edib ki, SDQ Suriya ordusunda ayrıca bir blok kimi fəaliyyət göstərməkdə israrlıdır və bu, tərəflər arasında "böyük problem" olaraq qalmaqdadır.
Şama yaxın mənbələrin verdiyi məlumata görə, görüşdə SDQ-nin əsasən ərəblərin yaşadığı Raqqa və Deyr əz-Zor bölgələrindən tam şəkildə geri çəkilməsi məsələsi də gündəmə gəlib. Mazlum Abdinin bu məsələyə dair əlavə danışıqlar üçün vaxt istədiyi, lakin Şam rəhbərliyinin bu tələbi rədd etdiyi bildirilib.
Tərəflər arasında 10 martda imzalanmış razılaşma, bütün Suriya ərazisində atəşkəs elan edilməsini və kürd toplumunun dövlətin ayrılmaz tərkib hissəsi kimi qəbul olunmasını, vətəndaşlıq və konstitusiya hüquqlarının təminat altına alınmasını nəzərdə tutur. Bu çərçivədə Suriyanın şimal-şərqindəki mülki və hərbi strukturların dövlət idarəçiliyinə inteqrasiyası da planlaşdırılır.
Aydın
Şərhlər