Dünya 22:59 23.06.2022

Pompeo: "Rusiya bütün keçmiş Sovet ölkələrinin enerji ehtiyatlarına nəzarət etmək istəyir"

Rusiyanın Ukraynaya qarşı müharibəsi "planlı soyqırımdır” və məqsədi geniş enerji ehtiyatlarına malik "yeni Sovet İttifaqına çevrilməyə çalışan Rusiya imperiyası” yaratmaqdır.

Qaynarinfo "Politico” saytına istinadla xəbər verir ki, bu sözləri ABŞ-ın keçmiş dövlət katibi Mayk Pompeo deyib. 

Pompeo qeyd edib ki, "Putinin qeyri-qanuni hücum müharibəsi 1948-ci ildə Birləşmiş Millətlər Təşkilatı tərəfindən bir xalqın qəsdən məhv edilməsi kimi müəyyən edilən planlı soyqırımdır”.

Pompeo həmçinin bildirib ki, Rusiya prezidenti Vladimir Putin keçmiş Sovet ərazilərinin enerji ehtiyatlarını ələ keçirmək istəyir: "Rusiyaya Donbas və Ukrayna sahillərində hökmranlıq etməyə icazə verilərsə, Putin növbəti hədəf kimi Sovet imperiyasının bir hissəsi olan digər müstəqil ölkələrin enerji resurslarına nəzarət etməyə çalışacaq”.

Onun sözlərinə görə, Ukraynaya yardım "Rusiyanın Amerikada və bütün dünyada iqtisadi itkilərə səbəb olacaq dünyanın təbii yanacaq tədarükünü diktə edəcək Sovet imperiyasını yenidən qurmasının" qarşısını almaq üçün lazımdır.

O deyib ki, Putin dayandırılmasa, "nasosdakı bugünkü bərbad qiymətlər qazın ucuz olduğu dövr kimi yadda qalacaq".

Pompeo "həm Rusiya, həm də Çin təcavüzünə qarşı mübarizə aparmalı olan yeni, qlobal azadlıq ittifaqı"nın və Ukrayna, İsrail və Tayvanda mərkəzləri olan yeni təhlükəsizlik arxitekturasının yaradılmasını təklif edib.

Keçmiş dövlət katibi deyib ki, Ukraynaya dəstək vermək Vaşinqtonun öz təhlükəsizlik marağındadır, çünki bu "müqavilənin 5-ci Maddəsi ilə bağlı öhdəliyimizə görə Amerikanın ordusunu cəlb edəcək daha böyük Avropa müharibəsinin qarşısını alır”.

Pompeo Moskvanı razı salmağın hər hansı bir xeyir verə biləcəyi fikrini də rədd edib. "NATO həmrəyliyi vacibdir. Almaniya və Fransa Kremlin heç bir istəyini yerinə yetirməməlidir", deyə o, Kiyevə hər cür silah tədarükünü dəstəkləyib.

"Amerikanın anbarında çoxlu sayda "Abrams" tankı var, əhəmiyyətli bir hissəsi dərhal Ukraynada göndərilməsi üçün hazırlanmalıdır. İspaniyanın da "Leopard 2" tanklarını göndərməsi çox vacibdir". 

O, həmçinin Kiyevə ABŞ istehsalı olan "Patriot” raket kompleksinin göndərilməsini istəyib. 

Nurlan