Aprelin 17-də Türkiyənin Antalya şəhərində 5-ci Antalya Diplomatiya Forumunun açılış mərasimi keçirilib.
Qaynarinfo xəbər verir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.
Tədbirdə Türkiyənin xarici işlər naziri Hakan Fidan açılış nitqi ilə çıxış edib.
Sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib. Prezident Rəcəb Tayyib Ərdoğan çıxışında Türkiyə ilə Ermənistan arasında davam edən normallaşma prosesinin Azərbaycanla əlaqəli şəkildə aparıldığını vurğulayıb. Türk Dövlətləri Təşkilatından danışan Türkiyə Prezidenti qurumun fəaliyyətinin daha da inkişaf etdiyini bildirərək deyib:
"Bu ilin son aylarında ölkəmizdə təşkil edəcəyimiz XIII Türk Dünyası Zirvəsində yeni dövrdə sədrliyi Azərbaycandan təhvil alacağıq. İnşallah, bu müddətdə təşkilatımızın beynəlxalq fəaliyyətini və nüfuzunu daha da artıracağıq. Azərbaycanla əlaqələndirilmiş şəkildə qonşumuz Ermənistanla normallaşma prosesində addım-addım irəliləyirik. Bu minvalla Asiya ilə Avropa arasındakı ticarətdə ən etibarlı marşrut olan və Xəzərdən keçən Şərq-Qərb - Orta Dəhliz təşəbbüsünə də güclü dəstəyimiz davam edir".
Şərhlər