Siyasət 12:56 16.05.2022

Prezident İlham Əliyevin Türkiyə səfərinin başlıca mesajı - Ekspert

"Düşünürəm ki, ilk növbədə bu səfər AKP hakimiyyəti və Ərdoğana siyasi dəstək vermək anlamında anlaşılmalıdır”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfərinin yalnız Rizə-Artvin Hava Limanının açılışı ilə bağlı olduğu, yoxsa, burada başqa amillərin də yer aldığı barədə sualı cavablandırarkən deyib:
 
"Bu cür siyasi davranışlar qarşılıqlıdır. 2023-ci ildə Türkiyə strateji qərar ərəfəsində olacaq. Çünki Türkiyədə keçiriləcək seçkilər təkcə qardaş ölkə üçün deyil, bütün dünya dövlətləri və NATO ölkələri üçün də önəm daşıyır. Türkiyənin müstəqil, güclü dövlət olması ABŞ-ın maraqlarına uyğun deyil. Yəni  seçki ərəfəsi AKP-yə müxalif bloku dəstəkləyən dövlətlər də hərəkətə keçib. Bu mənada İlham Əliyevin səfərini ilk öncə siyasi dəstək kimi düşünməliyik. Hansı ki, bu siyasi dəstək aeroportun açılışında Azərbaycan Prezidentinin çıxışında da özünü göstərdi”.

Ekspert qeyd edir ki, yaxın amanlarda Qarabağda antiterror əməliyyatı keçirilə bilər:
 
"Sözsüz ki, səfər fonunda iki ölkə prezidentləri arasında bəzi digər məsələlər də müzakirə predmeti olub. Rusiyanın Ukrayna müharibəsində zəifləməsilə bu savaşdakı vəziyyət eynən digər regionlara da transformasiya olunmağa başlayıb. Bunu Cənubi Qafqazda, xüsusən də Ermənistanda baş qaldıran etiraz aksiyaları fonunda da müşahidə edirik. Qərb Rusiya ilə qarşıdurma fonunda digər bölgələrdə də Moskvanı zəiflətməyə çalışır. İki qardaş ölkə prezidentləri arasında bu məsələ də müzakirə edilə bilər. Həmçinin, Ankara ilə Bakının birlikdə Qarabağda  hansı addımlar atacağı da danışıqlarda yer ala bilər. Ola bilsin yaxın zamanlarda Qarabağda antiterror əməliyyatını müşahidə edək. Çünki üçtərəfli  bəyannamənin imzalanmasından 17 ay keçsə də, Moskva üzərinə götürdüyü öhədliyi yerinə yetirmir. Ona görə də yaxın zamanlarda Bakı qanunsuz erməni dəstələrinin çıxarılması yolunda siyasi qərar da verə bilər. Türkiyə də hər zaman olduğu kimi, növbəti dəfə ölkəmizin yanında olacaq”.

N. Miri düşünür ki, Türkiyənin  Azərbaycanda hərbi bazasının təşkili də danışıqların predmeti ola bilər. Həmçinin,  görüş fonunda Türkiyənin daha müasir pilotsuz uçaqlarının Azərbaycana verilməsi də diqqət mərkəzində ola bilər. 

Rüfət Sultan