Siyasət 17:42 17.12.2022

“Prosesə Azərbaycanın güc strukturları qoşulmalıdır” - Partiya sədrindən yeni təklif

"Azərbaycan mövcud vəziyyətdə öz gücü hesabına monitorinq həyata keçirməlidir. Yaranmış vəziyyət onu deməyə əsas verir ki, artıq prosesə Azərbaycanın güc strukturları qoşulmalıdır”.

Bunu Qaynarinfo-ya açıqlamasında Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli Laçın yolunda cərəyan edən proseslər fonunda İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri Dövlət Xidməti və "AzerGold”QSC nümayəndələrinin Rusiya sülhməramlıları ilə növbəti görüş keçirmələrinə rəğmən problemin həllində irəliləyişin olmamasına münasibət bildirərkən deyib.

"Rəsmi şəkildə artıq Azərbaycan Ordusu və polisi hərəkətə keçərək, monitorinqin həyata keçirilməsi üçün ekoloqlara şərait yaratmalıdır. Hesab edirəm ki, Azərbaycan polisinin prosesə cəlb edilməsi heç bir gərginliyə səbəb olmayacaq. Bundan artıq nə gərginlik olacaq ki? Sülhməramlılar Azərbaycan jurnalistlərinə, rəsmi strukturlarına maneə olurlar. Bir növ onlar dövlət fəaliyyətini pozmaqla məşğuldurlar. Rus ordu hissələri Azərbaycanda sülhə maneə yaradır. Onlar Azərbaycanın rəsmi strukturlarına maneəçilik törədirlərsə, deməli öz mandatlarından kənara çıxırlar”, deyə Qulamhüseyn Əlibəyli bildirib.



Partiya sədri bildirir ki, paralel olaraq Rusiya ordusunun Azərbaycandan çıxarılması məsələsi də rəsmən gündəmə gətirilməlidir: "Azərbaycan Prezidenti və Milli Məclis artıq rəsmi şəkildə həmin hərbi qüvvələrin ölkəmizin suverenliyinə xələl gətirən hərəkətlərə yol verdiyinə görə, Qarabağdan çıxartmalıdır".

Qeyd edək ki, İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri Dövlət Xidməti və "AzerGold”QSC-in nümayəndələrindən ibarət heyət Rusiya sülhməramlılarının qərargahında görüş keçirib. Bu barədə Monitorinq qrupunun rəhbəri Məsim Məmmədov məlumat verib. Lakin görüşə rəğmən monitorinq qrupunun yataqlara yerində baxış keçirməsinə lazımi şərait yaradılmayıb və qarşıya qoyulan vəzifələrin icrasına nail olunmayıb. 

Rüfət Sultan