Müasir insanlar neandertallar və denisovalılarla yanaşı, əvvəllər məlum olmayan iki sirli "kölgə nəsli" ilə də qarışıblar.
Qaynarinfo xəbər verir ki, bu barədə "Sci.News" nəşri Kaliforniya Universitetinin Berkli kampusunun rəhbərliyi ilə aparılan yeni araşdırmaya istinadən məlumat yayıb.
Tədqiqatın nəticələrinə görə, bu sirli xətlərdən biri 50 min ildən çox əvvəl Afrikada, digəri isə təxminən 1,7–1,8 milyon il əvvəl Avrasiyada mövcud olub.
Kaliforniya Universitetinin doktorantı Yulin Canq və həmkarları bildiriblər ki, neandertal və denisovalı genomlarının ardıcıllığının müəyyənləşdirilməsi insan təkamülü haqqında təsəvvürləri kökündən dəyişdirib və müasir insanların qədim hominidlərlə genetik mübadilə apardığını göstərib.
Alimlərin sözlərinə görə, Afrikadan kənarda yaşayan müasir insanların əksəriyyətinin genomunun 1–2 faizi neandertallardan, Asiya və Okeaniya əhalisinin isə 0,1–5 faizi denisovalılardan miras qalıb. Bu qədim genetik irs dəri piqmentasiyası, yüksək dağ şəraitinə uyğunlaşma və immun sisteminin fəaliyyəti kimi xüsusiyyətlərə təsir göstərib.
Tədqiqatçılar qədim genetik qarışmaları aşkar etmək üçün "TRACE" adlı yeni hesablama metodu hazırlayıblar. Bu üsul fosillərdən əldə edilən DNT-yə deyil, yüzlərlə müasir insanın genomundakı gizli genealoji əlaqələrin bərpasına əsaslanır. Bunun sayəsində alimlər mənşəyi gözləniləndən daha qədim dövrlərə gedib çıxan DNT fraqmentlərini müəyyən edə biliblər.
"TRACE" metodunun tətbiqi nəticəsində müəyyən edilib ki, təxminən 800 min il əvvəl insan təkamül ağacından ayrılmış sirli bir xətt 50 min ildən çox əvvəl Afrikada anatomik cəhətdən müasir "Homo sapiens" ilə qarışıb. Bu hadisə insanların Avropa və Asiyaya böyük miqrasiyasından əvvəl baş verib.
Yulin Canq bildirib ki, komandası müasir insanların genomunda həmin "kölgə nəsli"nə məxsus DNT sahələrini müəyyənləşdirə və xəritələşdirə bilib. Araşdırma göstərib ki, bu genetik irs təkcə afrikalılarda deyil, bütün müasir insanlarda mövcuddur.
İkinci "kölgə nəsli"
Alimlərin fikrincə, ikinci sirli nəsil daha qədimdir və onun tarixi təxminən 1,8 milyon il əvvələ gedib çıxır. Ehtimal olunur ki, bu populyasiya müasir insanlarla birbaşa qarışmayıb, əvəzində Avrasiyada denisovalılarla genetik mübadilə aparıb.
Sonradan denisovalılar "Homo sapiens" ilə qarışdıqda həmin qədim DNT-nin bir hissəsi də müasir insanların genomuna keçib. Bu izlər xüsusilə denisovalı mənşəyi yüksək olan Okeaniya əhalisində daha aydın müşahidə olunur.
Tədqiqat müəllifləri hesab edirlər ki, yeni müəyyən edilən bu iki sirli nəsil birlikdə müasir insan genomunun təxminən 2 faizini təşkil edir. Onların sözlərinə görə, hər bir insanın genomunun təxminən 0,5–1 faizi bu "kölgə nəsli"ndən miras qalıb.
Aydın
Şərhlər