Dünya 14:25 04.05.2023

PUA hücumuna fərqli baxışlar: Kremldən Kremlə hücum və gizli qalan detallar

"Kremlə PUA hücumunu Rusiya daxilində Putin əleyhinə olan çevrələrin ona qarşı təxribatı kimi qiymətləndirməliyik”.

Qaynarinfo-ya açıqlamasında bunu politoloq Taleh Əliyev Moskvada Kremlə, ardınca da Rostovun Novoşaxtinsk neft məhsulları zavoduna edilən iki PUA hucumunu kimlərin təşkil etdiyini şərh edərkən deyib: 

"Kremlə PUA hücumunun Ukrayna və ya Qərb tərəfindən edildiyi barədə Rusiya tərəfindən hər hansı bir rəsmi məlumat yoxdur. Bu istiqamətdə Moskvanın əlində məlumat olsaydı, həmin xəbər ən azından Rusiya televiziya kanallarında çoxdan nümayiş etdirilər və ölkənin XİN-i məsələnin BMT TŞ-də müzakirəsini tələb edə bilərdi. 

Rəsmi Kreml PUA hücumunu Putinə sui-qəsdlə əlaqələndirir. İddiaya görə, keçən ay Rusiya prezidenti Ukraynanın işğal edilən ərazilərinə səfər edib. Lakin bu səfərdə onu nə Rusiyanın müdafiə naziri, nə də xüsusi əməliyyatın birləşmiş qərargah rəhbərliyi müşayiət edib. Putin son zamanlar Ukraynadakı uğursuzluqlarla bağlı ölkənin hərbi elitasını ittiham edib. Putin uğursuzluğa görə yeni "günah keçiləri” axtararaq, onları cəzalandırmaq istəyir. Görünür, bu dəfə onun daha iri fiqurların üzərinə gedəcəyi təxmin edilib. Ona görə də Kremlə edilən PUA hücumunu Rusiyanın hərbi elitasının Putinə qarşı təhdidi kimi dəyərləndirmək olar. Onlar bununla Putinə "qırmızı xətti” keçməməyi göstərmək istəyiblər.    
 
Hərbi ekspert İbrahim Rüstəmli isə qeyd edir ki, Kremlə PUA hücumu gələcəkdə bəzi hadisələrə zəmin yaratmaq məqsədilə süni şəkildə edilib: 

"PUA demək olar ki, Kreml tavanının tam yaxınlığında partladılır. Təhlükəsizlik xidməti onu zərərsizləşdirmək üçün hər hansı bir tədbir görsəydi, PUA xeyli aralıda məhv edilməli idi. İndiki dövrdə Putinə və Zelenskiyə hər hansı bir sui-qəsd əməli reallaşdırıla bilər. Amma Rusiyanın preventiv tədbirlər keçirmək hüququnu özündə saxladığını deməsi baş verən hadisənin də müəyyən məqsədlər naminə törədildiyini deməyə əsas verir”. 

Həmsöhbətimiz hadisəni qurama hadisə kimi dəyərləndirir: 

"Rusiya PUA-nı vurubsa, heç olmasa qalıqlarına əsasən onun hansı nəsil silahlara aid olduğu, hansı ölkə istehsalı olması barədə məlumat versin. Amma bu barədə məlumat verilmir. Qurama hadisədir. Görünür, Rusiyanın hansısa məqsədi var və onu reallaşdırmaq üçün indidən hüquqi baza yaratmağa cəhd edir”.

Rüfət Sultan