"Hər gün Ağstafada şair Səməd Vurğunun adına olan parka gedirəm və qoca kişilərə qoşulub nərd oynayıram. Başqa işim yoxdur, günümü belə keçirirəm”.
Bunu Musavat.com-a Xalq artisti, uzun illərdir ki, Bakıdan Ağstafaya köçən aktyor Tariyel Qasımov deyib.
87 yaşlı sənətkar bildirib ki, mütəmadi olaraq paytaxta gəlib-gedir:
"Bakıya tez-tez gəlib-gedirəm. Radiodan, televiziyadan çağırırlar, tədbirlərə qatılıram. Mənim unudulmaq kimi problemim yoxdur”.
Aktyor söhbət zamanı hazırda qardaşı ilə nərd oynadığını deyib:
"Qardaşımdan soruşun ki, Tariyel necə nərd oynayır?” Bu məqamda qardaşı telefondan səslənib, aktyorun yaxşı nərd oynadığını təsdiq edib və həmişə onu udduğunu bildirib.
Tariyel Qasımov Bakıda nümayiş etdirilən tamaşaları izlədiyini də bildirib:
"Məni tamaşaları izləməyə dəvət edirlər. Gəlib baxıb, fikrimi bildirirəm. Gənc Tamaşaçılar Teatrından ayrılsam da, mənim portretim teatrın foyesində birinci vurulub. Premyeralar olanda həmişə dəvət edirlər”.
Aktyor ata yurdu Ağstafaya köçmə səbəbindən də danışıb:
"Burada sakitlikdir, təmiz havası var. Günüm xoş keçir. Hər gün nərd oynayıb başımı qatıram, darıxmıram”.
Sənətkar gümrah qalması barədə bunları deyib:
"Bizdə çox yaşamaq genetikdir. Anam 101 yaşında rəhmətə gedib. Mənim 87 yaşım var, amma özümü cavan oğlam kimi hiss edirəm. Yeri gələndə qaçmaqda, yeyib içməkdə, araq içməkdə cavan oğlanları geridə qoyaram. Araq içməkdə onları böyrü üstə qoyaram.
Ağstafa rayonunda bütün insanlara qonaqlığı ancaq mən verirəm. Hamı da bilir ki, Prezident təqaüdü və yaşlılıq pensiyası alıram. Gəlirim çox yüksəkdir. Onu hər adam ala bilmir. Bizim rayonda çox adam kasıb yaşayır. Mən hətta vəzifəli adamlara da qonaqlıq verirəm. Bu gün vaxtı ilə güləş üzrə dünya çempionu olmuş Mayis müəllimə qonaqlıq verdim”.
Şərhlər