Dünya 15:33 17.12.2022

Putin Kadırova Zelenskini öldürməyi tapşırıbmış... - Ukrayna kəşfiyyatı

Rusiya prezidenti Vladimir Putin Ukraynaya işğalı planlaşdırarkən Çeçenistan rəhbəri Ramzan Kadırova Volodimir Zelenskini öldürüb Kiyevi almağı tapşırıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "The Wall Street Journal” Ukraynanın kəşfiyyat və xüsusu xidmət orqanlarının rəsmilərinə istinadən yazır.

Onların məlumatına görə, Putin bu tapşırığı müharibə başlamazdan üç həftə əvvəl, Kremlə səfər edərkən Kadırova verib. İclasda işğalın ertəsi günü - fevralın 25-də Ukraynaya daxil olan çeçen birləşmələri üçün strategiya hazırlanıb.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov prezident Zelenskinin öldürülməsinin "Kadırov üçün bir növ bonus olduğunu” deyib. Onun sözlərinə görə, FTX-dan əldə edilən məlumatlar sayəsində Zelenskiyə qarşı sui-qəsdin qarşısı alınıb.

Ukrayna kəşfiyyatının ələ keçirdiyi videoda Çeçenistan rəhbərinin tabeliyində olan şəxs əməliyyatın başlanması barədə rəhbərinə məlumat verib. "Saat düz 00:00-dır. Hərəkət etməyə başlayırıq. 1500-dən çox adam, ən yaxşı xüsusi təyinatlılar, ən yaxşı döyüşçülər”, - deyə o bildirib.

Nəşr qeyd edir ki, üç zirehli texnika kolonuna malik Kadırovun birləşmələri sərt müqavimətlə üzləşib. Bir kolon Kiyev ətrafında məhv edilib, digər ikisi qruplaşmağa çalışıb, lakin Ukraynanın paytaxtına çata bilməyiblər.

Uğursuzluqdan sonra Kadırov Çeçenistanda gizli səfərbərliyə əl atmaq qərarına gəlib. Nəşrin respublikadan qaçan həmsöhbəti müharibəyə cəlb etmə ilə təkcə hakimiyyət orqanlarının deyil, dini liderlərin də məşğul olduğunu bildirib. İdman zallarını və kompüter klublarını gəzirdilər və müharibədə iştirak üçün 300 min rubla qədər pul təklif edirdilər. Hüquq müdafiəçilərinin fikrincə, "ən həssaslar” cəbhəyə aparılıb: borclular, məhkum edilmiş və ya LGBT əlaqələrində şübhəli bilinənlər. Bu adamları həbslə hədələyiblər.

Ukrayna öz ərazilərini azad etməyə başlayandan və bir neçə effektiv əməliyyat keçirdikdən sonra çeçen bölmələrinin vəzifələri dəyişib: kəşfiyyat məlumatlarına görə, onlar indi Rusiya hərbçilərinin geri çəkilməsinə mane olan dəstə funksiyasını yerinə yetirirlər. İsveç çeçen mühacirlərinin hüquqlarının müdafiəsi qrupunun direktoru Maria Davidson deyir ki, "Kadırovçular” həmçinin "casuslar” və partizanlar axtarır və "təmizləmə əməliyyatları” həyata keçirir, o cümlədən işgəncələrə əl atırlar.

Kremlin sözçüsü Dmitri Peskov Putinin Kadırova Zelenskini öldürməyi əmr etməsini təkzib edib. O, iddianı "tamamilə absurd, əsassız və yalan" adlandırıb.

Bundan əvvəl "The Times” yazıb ki, "Vaqner” özəl hərbi şirkətin muzdlularına da Ukrayna prezidentini məhv etmək tapşırılıb. Fevralda onlar Kiyevə daxil ola biliblər. Dövlət başçısından başqa, onların "siyahısına” Ukraynanın daha 23 yüksək rütbəli məmuru daxil olub.

Zelenskinin özü Rusiya işğalının əvvəlində Kremlin belə planlarından xəbərdar olduğunu bildirib. "Bizdə olan məlumata görə, düşmən məni bir nömrəli hədəf kimi təyin edib. Mənim ailəm ikinci hədəfdir. Onlar dövlət başçısını məhv etməklə Ukraynanı siyasi cəhətdən məhv etmək istəyirlər”, - prezident buna baxmayaraq, Ukraynada qalacağını bildirib.

Nizami Bağırov