Xəbər lenti

Putin və Tramp Alyaskada görüşəcək - Masada nələr var?
Dünya 10:35 09.08.2025

Putin və Tramp Alyaskada görüşəcək - Masada nələr var?

Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp Alyaskada keçiriləcək sammit zamanı münaqişənin həlli yollarını müzakirə edəcəklər.

Qaynarinfo xəbər verir ki, 15 avqustda Vladimir Putin və Donald Tramp Alyaskada danışıqlar aparacaqlar. 

Qaynarinfo xəbər verir ki, bu, 1988-ci ildən bəri Rusiya və ABŞ prezidentlərinin Amerika ərazisində ilk görüşü olacaq. Əsas mövzu Ukraynada sülh məsələsidir. Müzakirə ediləcək təkliflərə ərazilərin mübadiləsi və Kiyevin NATO-ya üzvlükdən imtinası daxil ola bilər. ABŞ prezidenti Donald Tramp bildirib ki, Rusiya prezidenti Vladimir Putinlə görüşü 15 avqustda "Böyük Alyaska ştatı”nda baş tutacaq. O, bu barədə "Truth Social” sosial şəbəkəsində məlumat paylaşaraq, ətraflı detalların sonradan açıqlanacağını qeyd edib.

Kreml tarix və məkanı təsdiqləyib. Prezidentin köməkçisi Yuri Uşakov Alyaskanın seçilməsini onun Rusiyaya coğrafi yaxınlığı ilə izah edib: nümayəndə heyətləri sadəcə Bering boğazı üzərindən uça biləcəklər. Onun sözlərinə görə, qarşıdakı günlər görüşün detallarının "fəal və gərgin şəkildə işlənməsinə” həsr olunacaq. Uşakov həmçinin xəbərdarlıq edib ki, proses asan olmayacaq.

Alyaska qubernatoru Mayk Danlivi bildirib ki, ştat prezidentlərin görüşü üçün optimal məkan sayılır. Onun sözlərinə görə, əsrlər boyu Alyaska dövlətlər arasında körpü rolunu oynayıb, bu gün isə dünyanın əsas regionlarından birində diplomatiya, ticarət və təhlükəsizliyin təminatı üçün mühüm "qapı” olaraq qalır.

Əsas mövzu — Ukrayna

Danışıqların əsas mövzusu Ukraynada uzunmüddətli sülhün təmin edilməsi olacaq. Tramp istisna etməyib ki, döyüş əməliyyatlarını dayandırmaq üçün ərazilərin mübadiləsi variantı nəzərdən keçirilə bilər, lakin hansı regionların nəzərdə tutulduğunu açıqlamayıb.

"Bəzi ərazi mübadilələri olacaq... bu, çətindir”, — deyə o, mətbuat konfransında bildirib.

"Reuters” yazır ki, ABŞ və Rusiya Krımın, həmçinin Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərinin əhəmiyyətli hissəsinin Moskvanın nəzarətində qalmasını nəzərdə tutan müqavilə layihəsini müzakirə edirlər. Əvəzində hərbi əməliyyatların dayandırılması planlaşdırılır.

"Financial Times” dəqiqləşdirir ki, layihədə Ukraynanın Xarkov, Sumı, Zaporojye və Xerson vilayətlərinin bəzi hissələrini qaytara biləcəyi, lakin NATO-ya üzvlük planlarından imtina etməli və hərbi sahədə məhdudiyyətlərlə razılaşmalı olduğu qeyd olunur.

Böyük Britaniyanın "The Sun” nəşri isə yazır ki, razılaşma çərçivəsində Ukrayna Donbass və Krımı Xerson və Zaporojyedə hücumların dayandırılması qarşılığında təhvil verə bilər. Eyni zamanda Ukrayna prezidenti Vladimir Zelenski bu ərazilərin tanınmasını rədd edir və istənilən danışıqlarda özünün iştirakını tələb edir.

Putin və Trampın 15 avqust 2025-ci ildəki sammiti Rusiya və ABŞ prezidentlərinin Amerika ərazisində 1988-ci ildən bəri ilk görüşü olacaq.
 
Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->