Dünyanın ən böyük sübut olunmuş 60 trilyon kubmetrdən çox qaz ehtiyatına sahib olmasına baxmayaraq, Rusiya qaz qıtlığı ilə üzləşə bilər.
Qaynarinfo xəbər verir ki, bunu Vladivostokda keçirilən Şərq İqtisadi Forumunda prezident Vladimir Putin bildirib.
"Bizdə qaz qıtlığı yaranmaq üzrədir”, – deyə Putin Uzaq Şərq Federal Dairəsi regionlarının inkişaf nəticələrinin təqdimatında söyləyib. O əlavə edib ki, xüsusi diqqət tələb edən başqa məsələlər də var: "Bizim enerji infrastrukturunun müxtəlif komponentləri arasında birləşmələr yoxdur, şəbəkə təsərrüfatının inkişafına ehtiyac var”.
Mümkün qaz qıtlığı ilə bağlı Putin kömürə keçidi təklif edib. Onun sözlərinə görə, kömür ehtiyatları "demək olar ki, min ilə bəs edər”. "900 ilə qədər kömür ehtiyatlarımız var, bunlardan, şübhəsiz, daha səmərəli istifadə etmək, daha çox fayda almaq və bütün ekoloji tələblərə riayət etməklə işlətmək mümkündür”, – deyə prezidentin sözlərini TASS sitat gətirib.
Putinin sözlərinə görə, qaz qıtlığının əlamətləri artıq indi Uzaq Şərqdə görünür. "Yeni müəssisələrin təminatını bəzən həyata keçirmək çətin olur”, – o bildirib və əlavə edib ki, yaxın illərdə Uzaq Şərq Federal Dairəsində qaza tələbatın "dəfələrlə artacağı” proqnozlaşdırılır.
Rusiya Energetika Nazirliyinin məlumatına görə, hazırda ölkə 63,4 trilyon kubmetr qaz ehtiyatına malikdir və bu, hasilatın 100 ilə kifayət etməlidir. Hesablama Palatası isə 2020-ci ildə Rusiyanın ehtiyatlarını dünya üzrə 20% həcmində qiymətləndirmiş, lakin xəbərdarlıq etmişdi ki, bu ehtiyatlar yalnız 50 ilə çatacaq. Bundan başqa, "quru qaz” (yəni demək olar ki, təmiz metan) ehtiyatlarının "ümumi həcmlərdən xeyli az” olduğu bildirilmişdi.
Ukrayna ilə müharibənin başlanmasından sonra Rusiya qaz hasilatını azaltmağa başlayıb, çünki bu müharibə "Qazprom”u əsas Avropa bazarından məhrum edib. Əgər 2021-ci ildə 762,8 milyard kubmetr qaz hasil olunmuşdusa, 2022-ci ildə bu rəqəm 673,8 milyard kubmetrə düşüb. 2023-cü ildə hasilat son 6 ilin ən aşağı göstəricisi – 638 milyard kubmetr olub. Ötən il isə 685 milyard kubmetr təşkil edib, lakin yenə də müharibədən əvvəlki səviyyədən 10% aşağı qalıb.
İxracının yarıdan çoxunu itirən "Qazprom” artıq əlavə qazı Rusiya istehlakçılarına yönəldəcəyini vəd edir. Şirkətin rəhbəri Aleksey Miller iki il əvvəl Putinlə görüşdə ölkənin tam qazlaşdırılmasının 2030-cu ilə qədər başa çatacağını demişdi. O, həmçinin bildirmişdi ki, 2026-cı ilə qədər Rusiyanın 35 regionu tam qazlaşdırılacaq.
2024-cü ilin sonuna olan vəziyyətə görə, Rusiyada qazlaşdırma səviyyəsi 74,7% təşkil edib, Energetika Nazirliyi hesablayıb. Dövlətin energetika inkişaf proqramına görə, bu göstərici 2025-ci ildə 75%, 2026-cı ildə 75,8%, 2027-ci ildə isə 76,7%-ə çatmalıdır.
Alpər
Şərhlər