Xəbər lenti

“Qadın deputatların susması…”- Mehriban Zeynalovadan boşanma barədə səsləndirilən fikrə reaksiya
Ölkə 13:22 04.03.2026

“Qadın deputatların susması…”- Mehriban Zeynalovadan boşanma barədə səsləndirilən fikrə reaksiya

Milli Məclisin iclasında deputat Fazil Mustafa Azərbaycanda boşanmalarla bağlı statistikadan danışıb. Deputat nikahlar və boşanma halları ilə bağlı vəziyyətin ürəkaçan olmadığını vurğulayıb. O deyib ki, çox vaxt qadınlar məqsədli şəkildə ilk uşaq dünyaya gələndən sonra aliment almaq üçün boşanırlar. Deputatın bu fikri sosial şəbəkələrdə qadınlar arasında böyük narazılığa səbəb olub. Şəbəkə istifadəçiləri deputatın haqlı olmadığını və boşanma olduqda qarşı tərəfdən aliment almağın asan olmadığını qeyd ediblər.

Hüquq müdafiəçisi Mehriban Zeynalova Qaynarinfo-ya açıqlamasında Fazil Mustafanın fikirləri ilə razılaşmadığını bildirib: "Görünür, deputat bu fikirləri bir neçə fakta əsaslanaraq səsləndirib. Halbuki problemin kökündə heç də aliment məsələsi dayanmır. Deyildiyi kimi, alimentlər çox vaxt ödənilmir, ödənişdən yayınanlar gizlənir, axtarışa verilir. Bütün bunlar göstərir ki, alimentin ödənilməsi bəzi hallarda zorakılıq və hədə-qorxu ilə müşayiət olunur. Təəssüf ki, bunlar sosial şəbəkələrdə düzgün çatdırılmır”.

Mehriban Zeynalova hesab edir ki, hər bir qadın gözəl arzularla ailə qurur: "Düşünmür ki, ailə quracaq, bir uşaq dünyaya gətirib boşanacaq, aliment alacaq və sonra sərbəst həyat yaşayacaq. Əgər biz bu cəmiyyətdə yaşayırıqsa, ümumi xərclərin nə olduğunu bilirik. Bir uşağın ən cüzi ehtiyacları 260 manatdan yuxarıdır. Evdə uşağı olanlar bunu yaxşı bilir. Son dövrlərdə yayılan viruslar, müalicə xərcləri, əlavə tələblər və rəqabət hissi xərcləri daha da artır”.

Mehriban Zeynalova hesab edir ki, parlamentdə bu çıxışdan sonra qadın deputatların da fikirləri eşidilməli idi:
"Heç bir qadın şüuraltında boşanmaq haqqında düşünmür. Əvvəlcə hər şey gözəl olur, zamanla isə münasibətlərdə dava-dalaş və hətta zorakılıq halları ortaya çıxır. Mən qadınları ideallaşdırmıram; kifayət qədər ər qarşısında tələb qoyan qadınlar da var. Bu da ənənəvi nəsildən nəsilə ötürülmüş davranış modelidir. Kişi qazanmalı, almalı, gətirməli və öhdəliyini yerinə yetirməlidir. Amma etiraf edək ki, ailə məsuliyyəti hissi olduqca azalıb”.
 
Hüquq müdafiəçisi əlavə edib ki, kişilər öhdəliklərdən yayınmaq üçün qadınları boşanma həddinə gətirir: "Qadınlar ümid edir ki, problem həll olunacaq. Sonda təşəbbüsü öz əllərinə alaraq uşaqlarını və öz taleyini qorumağa çalışırlar. Vəziyyət ziddiyyətlidir. Fazil Mustafa araşdırma aparıbsa, tərəflərin səsini eşitməyi bacarmalıdır. Deputat bu fikri səsləndirərkən qadın həmkarlarının susması da bu çətinliklə üzləşməmələrindən irəli gəlir, ya da həmkardırlar, bir-birlərinin tərəfindən çıxış edirlər”.

Bahar Rüstəmli
--> -->