İdman 13:27 24.07.2023

Qara Qarayevdən vida mesajı: "Ayrılıq da sevginin bir hissəsidir"

"Qarabağ"dan ayrılan Qara Qarayev vida mesajı yazıb.
 
Qaynarinfo-nun məlumatına görə, uzun illərdir Ağdam təmsilçisinin şərəfini qoruyan, bu klubda böyüyüb boya-başa çatan futbolçu şəxsi sosial media səhifələrində "Qarabağ"la vidalaşıb. 

Mesajına klub əməkdaşları ilə çəkdirdiyi fotoları da əlavə edən Qaranın açıqlamasında aşağıdakı sözlər yer alıb:
 
"Bu mesajım "Qarabağ” ailəsinədir!

18 il öncə "Qarabağ”ın akademiyasında seçimlərə qatıldığım gün yadımdadır. Həmin gündən sizi həm futbolçu, həm də bir çox oyunlarda kapitan kimi təmsil etmək çox böyük məsuliyyət idi! Mən bu anların hər bir saniyəsini yüksək qiymətləndirirəm və fəxr edirəm. Bu 18 il ərzində çalışdım ki, ləyaqətli şəkildə "Qarabağ”ın adını daim uca tutum və şərəflə xidmət edim. İndi isə keçmiş və hazırkı komanda yoldaşlarım, məşqçilər, klubumuzun prezidenti, bu müddət ərzində mənimlə birgə çalışmış insanlar və hər zaman mənə sevgi ilə yanaşan, dəstəkləyən, çətin və yaxşı günlərdə yanımızda olan, xoşbəxt və kədərli günləri birlikdə yaşadığımız azarkeşlərə təşəkkür edirəm. Hər zaman mənə öz övladınız, qardaşınız kimi sahibləndiniz... Futbolda böyüməyi, Azərbaycan idmanı tarixindəki bütün uğurlarımı "Qarabağ”a borcluyam. Bütün azarkeşlərə, eləcə də "İmarət” və "Qarabağ ordu”ya öz sevgimi bildirmək istəyirəm, siz hər zaman ürəyimdəsiniz! Ayrılıq da sevginin bir hissəsidir. Qarabağlı olaraq, "Qarabağ” daim ürəyimdə qalacaq.

Hörmətlə, Qara Qarayev".
 

 
Səbuhi Həsənov