Tək başına hərəkət edə bilməyən, lakin "yardımçı” virus tapdıqda qaraciyəri sürətlə məhvə sürükləyən gizli təhlükə... Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) "karsinojen” kimi tanıdığı və yüngül qəbul edilməməli olan bu kölgə düşməninə qarşı immun sisteminiz həqiqətən hazırdırmı, yoxsa orqanizminizdə səssiz şəkildə sirrozun əsasını mı qoyur?
Qaynarinfo xəbər verir ki, Hepatit B haqqında az-çox məlumatımız olsa da, Hepatit D (HDV) virusunu çoxları bilmir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Hepatit D virusunu karsinojen elan edərək onun qaraciyər xərçənginə səbəb ola biləcəyini bildirib.
Qastroenterologiya mütəxəssisi professor Vedat Göralın sözlərinə görə, ÜST-yə görə Hepatit D bütün hepatit virusları arasında ən aqressiv qaraciyər xəstəliyinə səbəb olan virusdur. Dünyada təxminən 12–72 milyon insan HDV ilə yoluxub. Hepatit B (HBV) daşıyıcılarının hər 20 nəfərindən birində HDV qo-infeksiyası mövcuddur. HDV qlobal qaraciyər xərçəngi ölümlərinə ciddi töhfə verir.
Hepatit D nədir?
Hepatit D çoxalmaq üçün Hepatit B virusuna ehtiyac duyan, qaraciyərdə iltihaba (delta hepatiti) səbəb olan ən ağır viral hepatit növlərindən biridir. O, qan və cinsi kontakt yolu ilə ötürülür.
"Qüsurlu ” virus xüsusiyyəti
Hepatit D tibbdə "qüsurlu virus” adlandırılır. Bu tip viruslar təkbaşına çoxala bilmək üçün lazım olan genetik materiala sahib deyil və mütləq başqa bir "yardımçı virus”a ehtiyac duyur. HDV də yalnız Hepatit B virusu olduqda aktivləşir və təkbaşına xəstəlik törədə bilmir.
Ən sürətli gedişat və ağır nəticələr
Professor Vedat Göral bildirir ki, Hepatit D xroniki viral hepatitlər arasında ən sürətli irəliləyən və ən ağır gedişata malik formadır.
Yoluxma yolları:
* yoluxmuş şəxsin qanı ilə təmas
* qorunmasız cinsi əlaqə
* nadir hallarda anadan uşağa keçmə
Hepatit B vaksinini alanlar və Hepatit B daşımayan şəxslər Hepatit D-dən qorunur. Çünki HDV yalnız Hepatit B mövcud olduqda inkişaf edir.
Əlamətlər
Hepatit D infeksiyası kəskin və ya xroniki formada keçə bilər. Əlamətlər digər hepatit növlərinə bənzəyir:
* yorğunluq və halsızlıq
* sarılıq (dəri və gözlərin saralması)
* tünd rəngli sidik
* qarın ağrısı
Bəzi hallarda xəstəlik səssiz şəkildə də irəliləyə bilər. HDV, Hepatit B ilə müqayisədə daha aqressiv gedişata malikdir və sirroza daha sürətli gətirib çıxara bilər.
Xərçəng riski
Bəzi tədqiqatlar HDV-nin hüceyrədaxili siqnal yollarını pozaraq birbaşa xərçəng inkişafına töhfə verə biləcəyini göstərir. Qəti sübutlar hələ də araşdırma mərhələsindədir.
Mövcud məlumatlara görə, HDV xroniki iltihabı gücləndirərək və sürətli sirroz yaradır və bu da qaraciyər xərçənginə zəmin hazırlayır. Hepatit B ilə müqayisədə qaraciyər xərçəngi riski 2–3 dəfə daha yüksəkdir.
Qorunmanın ən güclü yolu
Professor Vedat Göral qeyd edir ki, Hepatit D birbaşa xərçəng yaratmasa da, riskləri ciddi şəkildə artırır:
"Ən güclü qorunma yolu Hepatit B peyvəndidir. Hepatit B daşıyıcıları 6 aydan bir müntəzəm yoxlanmalıdır. Eyni zamanda siqaret və alkoqoldan uzaq durmalıdırlar”.
Müalicə
Müasir tibbdə Hepatit D üçün dərman müalicəsi mövcuddur, lakin bu müalicələr tam sağalma təmin etmir. Virus yükündə azalma və qaraciyər funksiyalarında yaxşılaşma halları 60–70% səviyyəsinə çata bilir. Lakin virusun tamamilə yox olması çox nadir hallarda müşahidə edilir.
Aydın
Şərhlər