Ölkə 16:40 06.03.2024

Qəbiristanlıqda atasının məzar daşına görə atəş açdı - Həbs edildi

Atasının baş daşını düzəltmədiyi üçün qəbiristanlıqda sex müdirinə silahla atəş açan şəxsə hökm oxunub. 

Qaynarinfo-nun məlumatına görə, 1982-ci ildə Gəncə şəhərində anadan olmuş Qədir Dünyamalıyev (soyad şərti) dünyasını dəyişən atasını dini adət-ənnənələrə uyğun olaraq Goranboy rayonu Rəhimli kəndi ərazisində yerləşən qəbiristanlıqda dəfn edib. Rəhimli qəbiristanlığında qəbir daşı düzələn sexin müdiri Nizaməddin adlı şəxslə atasının sinə daşını 850 manat pul müqabilində hazırlanacağına razılaşıblar. 

Lakin 6 aprel 2023-cü il tarixdə Qədir Dünyamalıyev atasının 40 mərasiminə qədər sinə daşının hazır olmadığı üçün Nizaməddin adlı sex müdirindən qisas almaq qərarına gəlib. O, 40 mərasimindən sonra içki içərək rəsmi sənədləri olan HASTAN markalı, tək lüləli, 12 çaplı, 588883 nömrəli ov silahını götürüb qəbiristanlığa - Nizaməddinin sexinə gedib. Orada əvvəlcə havaya atəş açaraq, Nizaməddin və onun işçilərindən atasının qəbir daşının düzəldilməsini tələb edib. Onlar isə baş daşı pulu tam verilməyincə bunu edə bilməyəcəklərini bildiriblər. 

Bundan sonra Qədir məzar daşı hazırlanan sexin qarşısında dayanmış, həmin sexdə usta işləyən Vasif adlı şəxsə məxsus "Mersedes Benz E240" minik markalı avtomobilə iki dəfə atəş açıb. Avtomobili zədələyərək, 1605 manat məbləğində maddi ziyan vurub və hadisə yerini tərk edib. 

Məhkəmə Qədir Dünyamalıyevi Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilib və 2 il 8 ay 13 gün azadlıqdan məhrum edilməsinə qərar verib.

Əhməd