Xəbər lenti

İdman 12:30 06.07.2026

"Qarabağ" bu futbolçusunu 6,8 milyona satır - Danışıqlar yekunlaşır

Şotlandiyanın "Seltik” klubu "Qarabağ”ın hücumçusu Kamilo Duranın transferini yaxın günlərdə rəsmiləşdirməyə hazırlaşır.

Qaynarinfo "Glasgow Times”a istinadən xəbər verir ki, kolumbiyalı futbolçunun menecerləri hazırda Şotlandiyadadır və tərəflər müqavilənin yekun şərtlərini razılaşdırmaq üzrədir.

İddialara əsasən, transfer üçün "Seltik”in təxminən 3 milyon funt-sterlinq (6,8 milyon manat) ödəyəcəyi gözlənilir. Daha əvvəl yayılan xəbərlərdə isə "Qarabağ”ın futbolçu üçün 3,5 milyon funt-sterlinq tələb etdiyi bildirilirdi.

Xatırladaq ki, Ağdam klubu Kamilo Duranı ötən ilin yayında Portuqaliyanın "Portimonense” komandasında çıxış edərkən 200 min funt sterlinqdən də aşağı məbləğə heyətinə qatmışdı. Transfer bu məbləğə baş tutacağı təqdirdə, Azərbaycan çempionu futbolçunun satışından təxminən 15 qat artıq gəlir əldə etmiş olacaq.

24 yaşlı forvard ötən mövsüm UEFA Çempionlar Liqasında keçirdiyi 10 matçda 5 dəfə fərqlənərək Avropa klublarının diqqətini üzərinə çəkib.

Mənbənin məlumatına görə, keçid baş tutarsa, Kamilo Duran bu yay "Seltik”in heyətinə qatdığı ikinci futbolçu olacaq. İlk transfer isə təcrübəli yarımmüdafiəçi Aleks Oksleyd-Çemberlend olub.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->