Xəbər lenti

Qlobal iqtisadiyyatda səssiz transformasiya: Dolların taxtı sarsılır?
Dünya 19:43 06.06.2026

Qlobal iqtisadiyyatda səssiz transformasiya: Dolların taxtı sarsılır?

Qlobal ticarətin və maliyyə sisteminin mərkəzində yerləşən ABŞ dolları gücünü qorumağa davam etsə də, ölkələrin qızıl ehtiyatlarını artırması, yerli valyutalarla ticarətə yönəlməsi və alternativ maliyyə sistemləri axtarışı yeni bir dövrün başladığını göstərir. 

Qaynarinfo xəbər verir ki, iqtisadçı Məhəmməd Bayramın fikrincə, dünya fərqində olmasa da dollar mərkəzli sistemdən uzaqlaşma prosesi artıq başlayıb.

ABŞ dollarının beynəlxalq ticarətdəki üstünlüyü onilliklərdir davam edir. Neft ticarətindən mərkəzi bankların ehtiyat siyasətinə qədər bir çox sahədə dominant mövqedə olan dollar son illərdə geosiyasi gərginliklər və iqtisadi dəyişikliklərlə birlikdə yeni alternativlərin axtarışını sürətləndirib. Xüsusilə pandemiyadan sonrakı dövrdə ehtiyat valyuta strategiyalarında dəyişikliklər diqqət çəkir.

İqtisadçı Məhəmməd Bayram dolların üstünlüyünün əbədi olmayacağını bildirib. Dolların qlobal hakimiyyətinin eyni zamanda güc mübarizəsi anlamına gəldiyini deyən Bayram, ABŞ-ın Bretton Vuds sistemindən sonra limitsiz pul çap etmək imkanına sahib olduğunu qeyd edib.

ABŞ-ın yüksək borc yükünə diqqət çəkən iqtisadçı bildirib: "ABŞ-ın borcu ÜDM-ni keçib. Buna görə də dolların dövrü bir gün bitəcək. Ölkələr bunu gördüyü üçün ABŞ dollarına alternativ ola biləcək valyutalara və ya qiymətli metallara yönəlir. Bu proses qısa müddətdə baş verməsə də, dollar tədricən ya başqa valyutaya, ya da qiymətli metal əsaslı sistemə yerini verə bilər”.

Bayram de-dollarizasiya adlanan prosesin artıq başladığını və təsirlərinin gələcək illərdə daha aydın görünəcəyini bildirib. Onun sözlərinə görə, indiki mərhələdə tam hiss olunmasa da, 50 il sonra tarix kitabları xüsusilə pandemiyadan sonra başlayan de-dollarizasiya prosesini açıq şəkildə yazacaq: "Ölkələr artıq ABŞ və ya Britaniya iqtisadiyyatından asılı olmadıqlarını düşünməyə başlayır. Bu baxımdan Çin önə çıxan əsas nümunələrdəndir".

Mərkəzi bankların son illərdə qızıl alışını artırmasının təsadüfi olmadığını deyən Bayram, bunun "təhlükəsiz liman” axtarışı ilə bağlı olduğunu bildirib. Onun sözlərinə görə, ən sürətli likvid aktivlərdən biri kimi qızılın seçilməsi ehtiyatların strukturunu dəyişir: "ABŞ-ın qlobal güc rolunun zəifləməsi ehtimalı və yeni risklər fonunda ölkələr qızıl ehtiyatlarını artırmağa davam edəcək”.

İqtisadçı son illərdə ölkələr arasında yerli valyutalarla ticarət təşəbbüslərinin artdığını bildirib. Onun sözlərinə görə, yaxın ticarət əlaqələri olan ölkələr arasında milli valyutalarla alış-veriş mümkündür. Rusiya–Çin ticarəti buna nümunə göstərilir. Lakin bu prosesin qısa zamanda geniş yayılmayacağı da vurğulanır.

Bayram Çin iqtisadiyyatının artan roluna diqqət çəkərək, Pekinin dollar asılılığını azaltmağa çalışdığını, lakin bunun birbaşa qarşıdurma şəklində olmadığını bildirib: "Çin dolların üstünlüyünü azaltmaq üçün addımlar atır, lakin bu prosesi təkbaşına bitirməsi mümkün deyil. ABŞ və Çin arasında istehsal və istehlaka əsaslanan fərqli iqtisadi əlaqə mövcuddur".

Mərkəzi bank rəqəmsal valyutalarına (CBDC) da toxunan Bayram bildirib ki, bu valyutalar mövcud pul sistemini əvəz etməyəcək. Onun sözlərinə görə, rəqəmsal valyutalar sadəcə mövcud pulun rəqəmsal forması olacaq və əsas dəyişiklik istifadə rahatlığı ilə bağlıdır.

Aydın
--> -->